Paylaş

“Ruh düşkünlüyü təkcə hava ilə deyil, həm də insanın həyat tərzinin dəyişməsi ilə də bağlıdır”.

Kişi Magazine xəbər verir ki, bu sözləri fəsillərin dəyişməsinin insan psixologiyasına təsiri barədə GSR.fm-ə müsahibəsində psixoloq, psixoterapevt Təhminə Çələbi deyib:

“Hər növ dəyişiklik insanın psixologiyasına öz təsirini  göstərir.  Bura fəsillərin dəyişməsini də aid etmək olar. Məsəl üçün yayda insanların həyat tərzi dəyişir, daha çox gəzintilərdə, əyləncələrdə, təbiətdə olurlar. Artıq payız  fəslində məcburdurlar  ki, evə yığışıb, həyat tərzini dəyişsinlər. Bu insanda melanxolik hisslər yaradır. Yəni insan daha həssas olur, tez-tez əhvalı dəyişir, qida ilə bağlı müəyyən dəyişikliklər olur. İnsan birdən-birə ya çox yeməyə başlayır, ya da ümumiyyətlə iştahdan kəsilir, heçnə yemir. Bu adaptasiya, yəni uyğunlaşma dövrü adlanır. Uyğunlaşma dövrü uzun  çəkdikdə insanlarda stress yaranır. Stress də çox uzansa, depressiyaya gətirib çıxara bilər. Ona görə də fəsillər dəyişdikdə, xüsusilə də, isti havalardan kəskin soyuq havalara düşdükdə insanda belə halların baş verməsi normaldır. Adaptasiya düzgün keçirilsə, psixologiyaya heç bir zərər dəyməz”.

Təhminə xanım həmçinin payızda ruh düşkünlüyündən qorunmağın yollarından da danışıb. O, bildirib ki, belə olan halda piyada gəzintilərinə çıxmaq lazımdır:

“Təbiətdən tamamilə uzaqlaşmaq lazım deyil. Həmçinin, hansısa idman növü ilə, məsələn, üzgüçülüklə məşğul olmaq olar. Bunlar insan beynində serotoninin, yəni xoşbəxtlik hormonunun ifraz olunmasına kömək edir. Bu insanların bədənində ifraz olunduğu müddətdə ruh düşkünlüyü baş vermir. Hər fəslin və hər havanın özünəməxsus gözəlliyi var. İndi və burada yaşamağı bacarmaq, bütün fəsillərdən zövq almaq lazımdır. Məsələn, payız fəslinin gözəl yağışı və rəngarəng yarpaqları var. Bu məslədə insanların seçim etmək iqtidarı yoxdur və bunu qəbul etmək lazımdır. Hər fəsilə gözəllik kimi yanaşıb, ondan həzz almaq mümükündür”.