Paylaş

Tbilisinin yağışının və payızının necə məşhur olduğunu çoxları bilir. Biz də dostlarla Tbilisinin payızına qonaq olduq.

Tbilisiyə yola düşərkən bütün günümüzü gəzməli-görməli yerlərə sərf edəcəyimizi düşünürdük. Amma artıq şəhərə çatanda “qarın qardaşdan irəlidir” prinsipi ilə zövqümüzə uyğun restoran axtarışına çıxdıq. Bir az gəzdikdən sonra Rustavelli prospektində yerləşən “Khingal Centre” restoranını seçdik. Girişi bir az qaranlıq olsa da, maraqlı və klassik dizaynı vardı. Girişdə qramafonlar, yazı makinələri, samovarlar düzülmüşdü. Keçdik içəri, bizi gülərüz ofsiant xanım qarşıladı. Restoran 2 mərtəbəli idi, o bizə 1-ci mətrəbədə yer göstərib menuları da təqdim etdi.

draft4

Gürcüstana ilk gəlişim olduğu üçün sifariş edəcəklərim gürcülərin özünəməxsus yeməkləri olmalı idi. Mənə xaçapuri yeməyi  məsləhət gördülər. Dostlarım onu da dedi ki, xaçapuri gələnə qədər başqa soyuq qəlyənaltı da sifariş verim, çünki restoranda yeməklər biz sifariş verdikdən sonra bişirilir. Ona görə də dadını  əvvəlcədən bildiyim toyuq salatı, gürcü limonadı və tərxun sifariş verdik. Bilmirəm çox ac idim yoxsa nədən, bu salat mənə bütün toyuq salatlarından dadlı gəldi. Restoranda yaxşı qarşılansaq da, müştəriyə xidmətdə ləngimələr var idi.

draft1

Artıq bir-bir sifarişlərimiz gəlirdi. Dostlarım acaruli sifariş vermişdilər. Hamının sifarişi gəlsə də, mənim xaçapurim ən axırda gəldi. Amma gəldi nə gəldi?! Əsl payız havasının yeməyidir. Əgər yemək yedikdən sonra gəzəcəksinizsə, mütləq xaçapuri yeyin deyərdim. Həm dadlıdır, həm də çox doydurucu.

draft3

Yaxşıca doymağımız bizə 75 lari 50 tetriyə başa gəldi. Düşünürəm ki, 9 nəfər üçün yetərincə ucuzdur

Əvvəl də dediyim kimi ilk dəfə Gürcüstanda olduğum üçün əvvəlcə gürcü yeməklərinin dadına baxmağı özümə borc bilirdim. Günorta yeməyindən sonra çox gəzdik, bir az dincələndən sonra artıq acmışdıq.  Əgər gec saatda yemək sevdasına düşmüsünüzsə, kiçik məsləhətimizlə haraya üz tutacağınıza qərar verə bilərsiniz. Biz də axşam saat 11 ətrafında gürcü xəngəli yemək üçün  restoran axtarışına çıxdıq. Qarşımıza çıxan ilk restorana girsək də, müştərilərin sıxlığı bizi narahat etdi. Başqa restoranlara baxmaq üçün oranı tərk etdik. Artıq 2-ci restorana gələndə ilk baxışdan bizi qane edirdi, gürcü xəngəlini burada yeməyi düşünürdük. Lakin ofsiant bizə yarım saatdan sonra restoranın bağlanacağını deyəndə üz ifadəmizi heç görmək istəməzdiniz. Bizə yaxınlıqda 24 saat işləyən restorana getməyimizi məsləhət gördü. Sən demə, bu bayaq ilk baxışdan  bəyənmədiyimiz  Marcanaşvili metrosunun yaxınlığında yerləşən “Samikitno Machabhela” restoranı imiş.O gün gürcü xəngəli yeməmiş qayıtmaq istəmirdik. Həmin restorana getdik.

draft5

Xoş qarşılama olmasa da, birtəhər oturduq. 9 nəfərə 50 gürcü xəngəli, 5 gürcü limonadı sifariş verdik. Xəngəl hazır oldu, isti-isti gəldi süfrəyə.Adətən, heç vaxt dadmadığım bir yeməyi yeməyə əvvəlcə tərəddüd edir, damaq dadıma uyğun olub-olmayacağını düşünürəm. Amma gürcü xəngəlinin dadını çox bəyəndim.

Restoranının bizdə yaratdığı ilk təəssüratları yeməyin dadı alt-üst etdi. Hesab isə cəmi 60 lari tutdu. Ümid edirəm, Tbilisiyə yolunuz düşsə, restoran axtarışına çox vaxt sərf etmədən bu məkanlara yollanıb, razı qalacaqsınız.

Hazırladı:

Kəmalə Rövşənqızı