Paylaş

Artıq yay mövsümü başlayıb.Hər mövsümün  olduğu kimi, bu mövsümün də qadınlar və kişilər üçün xüsusi dəbi var. Bu, özünü istər geyim, saç stili, istərsə də aksesuarlarda göstərir.

Modelyer-dizayner Gülnarə Xəlilova bu yay üçündəbdə olacaq geyimlər barədə məsləhətlərini verir. Gülnarə xanım qeyd edir ki, son illərdə insanları rənglərlə təəccübləndirmək olmur:

“Gündəmdə rənglərin çoxluğu görsənir. Demək olar ki, bütün rənglərdə geyimlər hazırlanır. Əvvəllər tez-tez  favorit rənglərin olmasına  rast gəlirdik və dəbdə olduğuna görə hər kəs o rəngdən çox istifadə edirdi. İndi zeytun yaşılı və boz rənglər çox gündəmdədir. Qəhvəyi rəngin açıqdan tündə gedən bir çox tonları dəbdədir. Bunlarla yanaşı, üzərində naxışlar, ornamentlər olan parçalardan hazırlanmış geyimlər çox gündəmdədir. Çünki məhz o rəngarənglik özünü bu parçaların fakturalarında göstərir. Üzərində gül naxışlarının, damaların, zolaqların olması çox aktual mövzudur. Qadınlar üçün daha çox geniş, boş və asimmetrik kəsimli geyimlər gündəmdədir. Geyimlərdə çox qatlılıq, şəffaf parçaların istifadəsi  çox aktuladır. Şalvar üzərinə pencəklər, plaşlar yaza doğru nazik parçalardan hazırlanır. Tulumlar, kambinezonlar diqqəti daha çox cəlb edir. Qurama görünüşü olan, bir neçə hissəli, bir paltarda bir neçə naxışın getməsi çox maraqlıdır.

Ayaqqabılarda da demək olar ki, çoxlu rənglər var. Son illərdə konkret hansısa bir rəng verilmir. Qara, ağ, qızılı, gümüşü və bürünc rənglər işlənir. Bununla bərabər, həm yastı, rahat formalar, həm də hündürdaban, qalındabanlı, tanketka formaları, ucu üçbucaq olan ayaqqabı modelləri daha çox gündəmdədir.

Aksessuarlar heç dəbdən getmək istəmir. Çünki artıq aksessuarsız dəbi təsəvvür etmək mümkün deyil. Sadə geyimlərə aksessuarlarla bəzək verdiyin zaman çox maraqlı nəticələr əldə etmək olur. Aksessuarlar dediyimiz zaman eynək, papaq, kəmərlər, çantalar, qolbaqlar, boyunbağılar, şarflar, çətirlər nəzərdə tutulur”.

Modelyer-dizayner, onu da qeyd edir ki, bu yay kişi geyimlərində də rəngarənglik çoxdur:

“Fərqli dizaynerlər Azərbaycanda kişi qarderobunda çox az geyinilə biləcək formalar təqdim edirlər. Klassik formalar özünü daha çox qoruyub saxlayır. Bəylərimiz də əksərən bu klassik nümunələrdən  istifadə edirlər. Lak ayaqqabılar daha çox gündəmdədir. Həm trikotajlardan istifadə olunan geyim nümunələri özünü göstərəcək. Üzərində fərqli yazıları olan, naxışlı rahat köynəklərin sərbəst geyimlərin də maraqlı formaları var. Bu il idman ayaqqabıları gündəmdə olacaq. Əlbəttə ki, baş geyimləri, kepkalar, eynəklər və qalstuklar bu il də gündəmdə olacaq”.

Stilist, kişilər üçün yay dəbi haqqında fikirlərini bildirərkən deyib ki, kişilər üçün bu il “amerikano” adlanan tam qısa saç düzümü dəbdə olacaq:

“Artıq bütün dünyada bu saç stili yayılıb. Kişilərin qara, boz, qəhvəyi rəngli geyimlərdən istifadə etməmələri məsləhətdir. Fikirləşirəm ki, əgər cins şalvar geyinirsənsə, mütləq yaşıl rəng köynək, göy ayaqqabı geyinə bilərsən.

İndi elə parıldayan ayaqqabılar var ki, onları cins şalvarla da geyinmək olar, adi kostyumla da geyinmək olar. Məsələn bizim cavanlar çalışırlar ki, krasovkalar və keta geyinsinlər. Lakin, yay ayaqqabılarında ayaq dincəlməlidir.

Aksessuarlar üzüklər, bahalı saatlar olacaq. Qızıl qolbağ kimi aksessuarlar qədimdə qalıb”.