Paylaş

Milli komandanın baş məşqçisi Robert Prosineçki son günlər cəbhədə baş verənlər haqda danışıb.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında həyat yoldaşının bunlardan narahat olduğunu bildirb:

“Təəssüf ki, dünyanın istənilən yerində bu cür hallar baş verir. İnsanların ölməsi üzücüdür. Döyüşlər Bakıdan uzaqda gedirdi. Ancaq həyat yoldaşım qorxurdu. Çünki uşaqlarımız məktəbə gedirdilər”.

Prosineçki Azərbaycan yığmasındakı fəaliyyəti haqda sualı da cavablandırıb: “Biz işlərə başlamışıq. Hələ Xorvatiya ilə oyunda istənilən rəqibə qarşı oynamağın mümkün olduğunu sübut etmişdik. İndi isə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq haqda düşünürük. Düzdür, bu, asan deyil. Güclü qrupa düşmüşük. Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya və San-Marino ilə mübarizə aparacağıq”.

Prosineçki Xorvatiya millisinin “Avro-2016”dakı şanslarını da dəyərləndirib: “Türkiyə ilə oyundan çox şey asılıdır. Türkiyə yığmasının son vaxtlar gücləndiyinin şahidiyik. Məncə, Xorvatiya daha yaxşı komandadır və bu rəqibinə qalib gələ bilər”.

Qol.az