Paylaş

Əziz oxucular, keçən həftə ərzində sağlamlığınızla bağlı bizə ünvanladığınız sualların cavabını təqdim edirik. Buyurun, həkimlərimizin cavabı ilə tanış olun. Səhhətinizlə bağlı sizi maraqlandıran bütün sualları bizə ünvanlamaqdan çəkinməyin. Suallarınız “Sağlam ailə” tibb mərkəzinin həkimləri tərəfindən cavablandırılacaq.

1. Oxucu sualı: Salam, mənim oğlumun 10 yaşı var. Hiss edirəm ki, onun penisində əyrilik var. Bunun xəstəlik, ya da anormallıq olduğunu necə bilmək olar?

1. Həkim cavabı: Salam. İlk öncə qeyd etmək istəyirəm ki, fərdi baxış olmadan heç bir diaqnoz qoymaq mümkün deyil (bəzi müayinələrə və fizoloji testlərə ehtiyac var). Kişi cinsi orqanın əyriliyinə gətirən bir neçə səbəb var:
• qazanılmış ( Peyroni xəstəliyi, lokal fibroz)
• anadan gəlmə (hipospadiya – uretranın çıxış yolunun əyriliyi ) və s.
Həkim-uroloq və yaxud androloq müayinəsi mütləqdir.

2. Oxucu sualı: Salam, cinsi aktivliyi artıran hansı bitkilər və ya yeməklər məsləhət görərdiniz?

2. Həkim cavabı: Salam. Bu cür qida məhsullarına aşağıdakilar aiddir:
• dəniz məhsulları (sink, selen, omeqa-3, omeqa-6 tərkibli)
• qoz-fındıq (badam, püstə, qoz; bal ilə effekti dahada artır)
• qöyərti (cəfəri)
• yumurta
• zəncəfil, kərəviz
• ət ( çox yağlı olmamalıdır), qara ciyər
• soğan və sarmısaq
• sıyıq və s.
Lakin bunlar düzgün qıdalanma rasionuna ayrılmalıdır, mütləq fiziki aktivliyi də nəzərdən qaçırmaq lazım deyil.

3. Oxucu sualı: Salam, mən prostatdan əziyyət çəkirəm. Bu bizim nəsildə genetik xəstəlikdir. Mənim 45 yaşım var. Bu xəstəlik üçün hansısa müalicə üsülü varmı, dərman, təbii vasitə və.s. Yoxsa əməliyyat mütəqdir?

3. Həkim cavabı: Salam. Əvvala, xəstəliyin səbəbini araşdırmaq mütləqdir (infeksion, qan dövranı pozğunluğu, stress, hormonal disbalans , həyat tərzi və s). Bunun üçün, Sizin yaşınızı nəzərə alaraq, ilk öncə qanda PSA (ümumu və sərbəst) analizi, uroloji və yaxud androloji USM keçməniz məsləhətlidir. Sonra isə mütləq həkim-uroloq və yaxud androloq müayinəsi. Əməliyyat haqda danışmaq hələ tezdir, bunu prostatitin konservativ və fizioterapevtik müalicəyə cavab verməyən halda müzakirə etmək olar.

4. Oxucu sualı: Salam, bir neçə aydır ki, dizlərimdə ağrı var. Həkimə getdim. Dedi qığırdaqlardakı maye qurtarığına görə, sümüklər bir-birinə sürtünür. Ağrı da buna görə yaranır, müalicə yazdı amma müalicənin hansısa bir xeyri olmadı. Siz nə məsləhət görərdiniz ev üsulunda müalicə üçün?

4. Həkim cavabı: Salam. Diz ağrılarına səbəb olan bir neçə amil ola bilər:
• diz oynağının osteoartrozu (əsasən 40 yaşdan sonra yaranır)
• bud-çanaq oynağının artrozu (yaranan ağrı bud-çanaq nahiyəsindən aşağıya doğru yayılır, yəni dizlərə)
• atrit (oynağın iltıhabı)
• menisklərin zədələnməsi (meniskopatiya)
• diz oynağında qan dövranının pozulması (bu halda oynağın hərəkət etmə qabiliyyəti azalmır)
• diz vətərlərinin iltihabı (əsasən qadınlarda olur, 40 yaşdan sonra).
Müalicəni təyin etmədən öncə mütləq bəzi müayınələrdən keçmək məsləhətlidir (qanda revmotestlər, diz oynağının USM və iki proyeksiyalı rentgen və s). Müalicə həm konservativ, həm də fizioterapevtik ola bilər. Ev şəraitində ancaq simptomatik müalicə mümkündü. Həkim-terapevt və yaxud revmatoloqa müraciət etməniz məsləhətlidir.

5. Oxucu sualı: Salam, qızımın 15 yaşı var, boğazında və burnunda ət var. Bu düzgün nəfəs almağına mane olur. Gecələr xoruldayır. Mən bilmək istərdim əməliyyat olunsa birinci boğazındakı ya burnundakı ət kəsilməlidir? Yoxsa bir həftəlik fasilə ilə hər ikisini kəsdirmək mümkündür?

5.Həkim cavabı: Salam. Adenotomiya əməliyyata kəskin səbəb olan zaman aparılmalıdır. Tənəffüs problemi bunlardan biridi. İki əməliyyatı bir arada etsəniz uşaq üçün stres riski azalır, lakin əməliyyat sonrası müddət bir qədər uzana bilər. Həm adenoid, həmdə badamcıqların rezeksiyası konservativ müalicənin mümkün olmadığı halda aparılmalıdır (iltıhabı proses inkar edildiyi zaman).

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.