Paylaş

İnsanlar arasında mübahisələrin yaranması onların fikir ayrılıqlarından, yaşadığı  mühitdən, ailə tərbiyəsindən, dünyagörüşlərindən asılıdır. Bu sözləri Kişi Magazine onlayn jurnalına psixoloq Təhminə Çələbi deyib. O, qeyd edib ki, bunu eynilə kişi və qadın münasibtlərinə də tətbiq etmək olar:

“İnsan dünyaya gözünü açdıqda iki etalon görür: qadın və kişi etalonu.  Onun fikrincə onlarda gördüyü hər bir şey doğrudur. Məsələn, anası ilə atası arasında konfliktlər olduğu zaman uşaq beynində müəyyən fikirlər çıxarır və bu nəticələrinə uyğunlaşaraq artıq öz həyat dərsini və düşüncələrini oradan götürür. Təsadüfi deyil ki, iki başqa ailədən çıxmış insan bir-birinə fərqli, qəribə görünə bilər. Məsələn, eyni kitabı oxuyub, eyni filmə baxıb müxtəlif nəticələr çıxara  bilərlər. Bu səbəbdən də mübahisələrin olması qaçılmazdır. Yəni, bu normal sayılır. Burada insanların bir-birinə olan marağının olması onların ümumi marağının yaranmasına gətirib çıxara  bilər. Əgər qadın və kişi arasında ümumi marağı yoxdursa, onlar bir yerdə hər ikisinin marağı olan yeni bir şey kəşf edib onla məşğul ola bilərlər. Yəni ki,  burada əsas mübahisələrin olmağını normal qəbul etmək, bir-birinə uyğunlaşma dövrünü adaptasiya kimi qəbul etmək və sonradan ümumi maraqları yaradaraq münasibətlərini daha da genişləndirib uzunmüddətli edə bilərməkdir”.

Təhminə xanım həmçinin mübahisələrin həll olunma yollarından da danışıb. O, deyib ki, həmin an üçün susub daha sakit zamanda bunu müzakirə etsələr təbii ki, münasibətlər daha gözəl olar:

“Hər bir halda insan düşünməlidir ki, əsəbi olanda düşünmədiyi sözləri çox istifadə edir, lakin bu sözlərin izi uzun müddət qalır. İnsan həmin an özünə sadəcə bir sual verməlidir “Mənə bu insanla münasibəti qorumaq, yoxsa haqlı çıxmaq lazımdır?” Yəni insanın eqosu onun hisslərini üstələməməlidir”.