Paylaş

Qara Dərvişin “Keçmiş” adlı yeni klipi işıq üzü gördü. O, klip haqqında Kishi.az-a məlumat verdi:

“Klipin çəkilişi çox ağır oldu. Gözlədiyimiz çəkiliş günündən iki qat daha çox vaxt sərf olundu. Hava həddindən artıq soyuq idi. Çəkilişlər şimal zonasında- Quba, Xudat ərazilərində baş tutdu. Mənfi 3-5 dərəcədə çayın içində keçirildi. Amma nəticə ürəyimcə oldu. Klipdə professional aktyor kimi kiçik qardaşım Rəşvin Poladzadə iştirak edir. Digər aktyorlar xarakterlərdir. Mən özüm sadəcə musiqiçi olaraq iştirak edirəm klipdə. Klipin gedişatında, əslində, mən özüməm orada və o uşaq da həmin oxuyan insandır, qadın da həmin insanın xəyalıdır. Klipin ssenarisi və rejissorluğu isə Cənubi Azərbaycanlı Araz Tourvatana məxsusdur”.

Dərviş həmçinin, dinləyicilərin klip haqqında olan fikirləri haqqında da danışdı:

“Təbii ki, tənqidlər olur, amma hələ ki, neqativ fikir bildirən olmayıb. Mahnını dinləyərək hərə öz “keçmiş”inə gedə bilir. Sadəcə olaraq, bir nəfər klipin anlamını başa düşməyib. Bu da normaldır. Hamı hər şeyi anlamaq məcburiyyətində deyil. Ümumiyyətlə, müsbət fikirlər alıram. Mahnı kimi də, klip kimi də bəyənilir”.

Qeyd edək ki, yaxında Qara Dərvişdən daha bir yeni klip gözlənilir:

“Artıq düşünürəm ki, bundan sonra mahnıların əksəriyyəti kliplə çıxacaq. Hal-hazırda növbəti klip üçün artıq işlərə başlamışam. Bir müddət bu şəkildə davam etməyi düşünürəm. Mahnılar artıq hazırdır, klip üzərində işləyirik. Yaxında yeni klip də gözlənir”.