Paylaş

Mayın 25-də Azərbaycan Kubokunda 2015-2016-cı illər mövsümünün final oyunu keçiriləcək. Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə həlledici qarşılaşmada “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.

Oyun haqqında  müsahibə verən Rövşən Binnətli  bildirib ki, ola bilər “Qarabağ” ardıcıl ikinci mövsümdə “qızıl dublu” rəsmiləşdirsin:

“Bu kubok oyunlarının öz qanunları var. Yəni qalibin müəyyənləşməsi bir oyundan ibarətdir. Belə halda hansısa bir komandaya yüzdə-yüz üstünlük vermək çətindir və düzgün də deyil. Düzdür, bu gün istər oyun tərzi, istərsə də ortada olan nəticələrə əsasən, bütün statistik göstəricilər “Qarabağ”ın qalib gələcəyini deyir. “Qarabağ”ın ardıcıl ikinci mövsümdə “qızıl dublu” rəsmiləşdirəcəyi real görünür. Amma həmin o kubok oyunun özünün tələbləri müstəvisindən yanaşsaq, tərəflərin asan qələbə qazanacağını düşünmək çox çətindir. Müəyyən dərəcədə “Neftçi” üçün oynamaq biraz asandır. Çünki nəticələri baxımından zəif görünür və daha sərbəst oynamaq imkanları var. Amma “Qarabağ”ın üzərində psixoloji təsir daha güclüdür. Komanda çox möhtəşəm mövsüm keçirir və belə bir komandadan yalnız qələbə gözlənilir. Bu qələbəni qazanmamaq komanda üçün uğursuzluq olacaq. Statistika və mövcud reallıq “Qarabağ”ın qələbəsini deyir, amma futbolun özünəməxsus dəsti xətti var, bu mənada, şanslar tamamilə bərabərdir”.

Final görüşü barədə fikirlərini bölüşən idman şərhçisi Sənan Şəfizadənin sözlərinə görə isə, Azərbaycan kuboku final oyunu sözün əsl mənasında mövsümün oyunu olacaq:

“Qarabağ favorit göstərilsə də, mənim fikrimcə kubok “Neftçi”yə qismət olacaq. Çünki “Qarabağ” komandası artıq ölkə çempionu oldu. Bir növ motivasiya yüksək olsa da, komandanın futbolçuları rahatlaşa bilər. “Neftçi” isə bu mərhələni titulsuz başa vurmaq istəməyəcək. Mənim fikrimcə finalda “Neftçi” qalib gələcək”.

İdman şərhçisi Şəmsəddin Abbasov isə bildirib ki, bu dəfə Qarabağ üçün çox çətin olacaq:

“Çoxları “Qarabağı”ı favorit sayırlar. Amma “Neftçi” sübut edib ki, mövsümdə bir dəfə “Qarabağ”a qalib gələ bilib. Düzdür, həmin oyun doğma meydanda keçirilib. Amma bu “Neftçi”nin son şansıdır, mövsümü titulla başa vurmaq istəyəcək. Buna görə də, çox gərgin bir oyun keçəcək. Mənə elə gəlir ki, bu oyunda çox qol vurulmayacaq və əlavə vaxta da ehtiyac duyulacaq. Nəticəyə gəlincə isə, düşünürəm ki, Qarabağ çox böyük çətinliklə qələbə qazanacaq”.