Paylaş

“Futbolu sevən Azərbaycan azərkeşləri kimi mən də bu oyundan “Qarabağ”ın qələbəsini gözləyirəm, amma bu qələbə çox çətin əldə olunacaq”.

Bu sözləri  bu gün baş tutacaq  “Qarabağ – Viktoriya” qarşılaşmasını şərh edərkən idman eksperti Şəmsəddin Abbasov deyib. O bildirib ki, “Viktoriya” “Qarabağ” üçün  güclü rəqiblərdəndir:

“Statistikaya nəzər salsaq,  Çexiya çempionu səfər oyunlarında çox yaxşı təsir bağışlayır və yaxşı nəticələr göstərir. Bu gün “Qarabağ” rəqibə  qol buraxmamaq barədə düşünməlidir. Bunu yəqin ki, Qurban Qurbanov da çox gözəl başa düşür. Çünki rəqib bir top buraxsa, biz məcbur olub iki top vurmalıyıq. Mən bol qollu maç gözləmirəm. Düşünürəm ki, oyun 1-0 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşacaq.

Rəqibə gəldikdə isə ilk olaraq deyim ki, bu ölkə zəngin futbol oyunlarına  malikdir. Mütamadi olaraq Avropa və Dünya çempionatlarında iştirak ediblər. Avropa Çempionlar liqasının qrup mərhələsində yaxşı mübarizəsi ilə yadda qalıb. Üstünlüyümüz odur ki, rəqibin əsas müdafiəçisi ilk oyunda qırmızı vərəqə aldı, oyunu buraxacaq. Bundan yararlana bilərik. “Qarabağ”ın oyununda Riçard Almeyda və Reynaldo kimi  futbolçulardan da çox şey asılıdır. Unutmayaq ki, bu futbolçular artıq neçənçi ildir ki, demək olar fasiləsiz olaraq oynayırlar. Təbii ki, yorğunluq da öz sözünü deyir.