Paylaş

May ayının 1-də  “Zirə”yə 2:0 hesabı ilə qalib gələn “Qarabağ” ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olub.

İdman üzrə ekspert Rövşən Binnətli Qarabağın qalibiyyəti haqda təəssüratlarını bölüşüb:

“Qarabağın çempion olması çempionatda finişə 4 tur qalmış rəsmiləşdi. Amma əslində, çempionatın gedişi ərzində də görünürdü ki, iştirakçı komandanlardan heç biri bu gün Qarabağa müqavimət göstərmək gücündə deyillər. Bəziləri bunu belə dəyərləndirir ki, digər komandalar zəifləyib, ancaq başqa cür – Qarabağ komandasının son zamanlar çox gücləndiyini düşünənlər də var. Hər halda, Qarabağ çox gözlənilən və məntiqli olaraq ardıcıl 3-cü dəfə ölkə çempionu adını qazandı.

Təəssüratım bundan ibarətdir ki, Qarabağın ardıcıl 2 il Avropa Kuboku Liqasının klubuna düşməsi komandanın üzərinə düşən məsuliyyəti bir az da artırıb, bu gün komandadan olan gözləntilər bir az da böyüyüb. Artıq Avropa Liqasının yox, Çempionlar Liqasının qrupuna düşməyi Qarabağdan istəyirlər. Bu, həm arzu, həm də istəyimizdir ki, Azərbaycan təmsilçisi olaraq komandamız, nəhayət ki, qitənin ən nüfuzlu turnirində qrup mərhələsinə vəsiqə qazansın. Qarabağın gücü daxilindədir, bir az püşkün nəticələrini çox istərdik ki, uğurlu olsun. Qarabağa həmişə arzuolunmaz rəqiblər düşür. Ancaq niyyətin, hədəfin böyük olduqda, ona çatmaq üçün rəqibin kimliyini düşünməməlisən, öz gücünə arxalanmalısan. Ümid edirəm ki, bu mövsüm, nəhayət ki, o arzumuz da gerçəkləşər. Komandadan gözləntim bu mövsüm Çempionlar Liqasının qrupuna düşməkdir. Bunu həm gözləyir, həm də arzu edirik.”

GSR.fm