Paylaş

“Qarabağ” Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində son Çexiya çempionu “Viktoriya” ilə qarşılaşacaq.

1911-ci ildə Çexiyanın Plzen şəhərində yaradılmış futbol klubu bir neçə dəfə adını dəyişdirib və son olaraq 1993-cü ildən hazırki adını daşıyır. Bu il 105 illik yubileyini qeyd edən “Viktoriya” ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirir.

Plzen təmsiçisi 4 dəfə ölkə çempionluğunu qazanıb (2010/11, 2012/13, 2014/15 ve 2015/16). İki dəfə Çexiya kubokunu qazanan (1970/71 və 2009/10) “Viktoriya” iki dəfə də Super Kuboku (2010/11 və 2015/16) başı üzərinə qaldırıb.

Çexiya klubu tarixi ərzində təsnifat mərhələsi də daxil olmaqla ÇL-də 26 matçda 15 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət görüb. Avropa Liqasında isə meydana çıxdığı 34 qarşılaşmada 16 dəfə qələbə sevinci yaşayan çexlər, 7 matçdan sülhlə ayrılıb, 11 dəfə də meydanı məğlub tərk ediblər. “Viktoriya” 2011/12 mövsümündə tarixində ilk də ÇL-nın qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. “Barselona” və “Milan”dan sonra qrupda 3-cü yeri tutan komanda mübarizəni Avropa Liqasında davam etdirib. Burada “Şalke”yə məğlub olan “göy-qırmızılar” çıxışını dayandırıb.

2012/13 mövsümündə Avropa Liqasının qrupunda mübarizə aparan Plzen təmsilçisi “Atletiko” (İspaniya), “Akademika” (Portuqaliya) və “Hapoel”lə (İsrail) mübarizə aparıb. “Viktoriya” 1/16 finala vəsiqə qazana bilib və bu mərhələdə İtaliya “Napoli”sini mübarizədən kənarlaşdırıb. (3:0, 2:0) Çexiya təmsilçisi 1/8 finalda isə “Fənərbaxça” (Türkiyə) səddinə ilişib. (1:1, 0:1) 2013/2014 mövsümündə ÇL-nin qrupunda iştirak etmək hüququ əldə edən “Viktoriya” “Mançester Siti”, ÇSKA və “Bavariya” kimi klublarla qarşılaşmalı olub. Qrupda 3 xal toplayan və mübarizəni Avroliqada davam etdirmək imkanı qazananan “Viktoriya” əvvəlcə Ukrayna “Şaxtyor”unu mübarizədən kənarlaşdırsa da, daha sonra “Lion” səddində ilişib.

2014/2015 mövsümündə Avroliqada iştirak edən “Viktoriya” mübarizəyə III təsnifat mərhələsindən qoşulub. Bu mərhələdə rəqibimiz Rumıniya “Petrolul”una “ilişib” (1:1, 1:4). Ötən mövsümü isə “Viktoriya” ÇL-in III təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə bacarmayıb (2:1, 0:2). Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində isə Serbiyanın “Voyvodina” klubunu mübarizədən kənarlaşdırıb (3:0, 2:0). Bununla da qrup mərhələsinə vəsiqə qazanan Çexiya təmsilçisi “Dinamo” (Belarus), “Vilyarreal” (İspaniya) və “Rapid” (Avstriya) klubları ilə mübarizə aparsa da, növbəti mərhələyə vəsiqə qazana bilməyib.

“Viktoriya”ya 2011-ci ildən yerli mütəxəssis Roman Pivarnik rəhbərlik edir. Maraqlıdır ki, komandanın heyətində cəmi 2 ölkədən olan futbolçular çıxış edir. Heyətin əsasını yerli futbolçular təşkil edir. Onlarla yanaşı, “Viktoriya”da 5 slovak legioner var. Bunlar Matuş Kozaçik, Patrik Hroşovski, Yakub Hromada, Mixal Duriş və Marek Bakoşdur.

Xatırladaq ki, “Qarabağ” “Viktoriya” ilə ilk oyununu iyulun 26-da səfərdə, cavab matçını isə 1 həftə sonra Tofiq Bəhramov Respublika stadionunda keçirəcək (sportnet.az).