Paylaş

“Qarabağ” yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam klubu Fransa Liqa 1 təmsilçisi “Lans”ın futbolçusu Alharbi Əl-Jadeyauinin keçidini həll edib.

Son ölkə çempionu ilə 2 illik müqavilə bağlayan oyunçu yeni komandasında 10 nömrəli formanı geyinəcək. Fransa vətəndaşlığı da olan hücumameyilli yarımmüdafiəçi keçidlə bağlı açıqlama da verib. O bildirib ki, “Qarabağ” iddialı və ambisiyaları olan klubdu: “Ötən mövsüm Avroliqada “Qarabağ”ın “Sent–Etyen” və “İnter”lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyirlər. İlk məqsədim komandaya tez adaptasiya olub meydançaya çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm”.

Qeyd edək ki, yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Əl-Jadeyaui karyerası boyu Fransa klublarında çıxış edib. O, ötən mövsüm Liqa 1-də 26 oyun keçirib, 3 qola da imza atıb. Futbolçu 2013-cü ildə Mərakeş millisinin heyətində 1 oyunda iştirak edib.