Paylaş

“Qəbələ” Avroliqanın pley-off mərhələsinin cavab oyununda səfərdə “Maribor”a 0:1 hesabı ilə uduzub. Minimal hesablı məğlubiyyətə baxmayaraq, “Qəbələ” ümumi nəticədə 3:2 hesablı qələbə qazanmaqla ardıcıl ikinci il qrup mərhələsinə yüksəlib.

Oyun haqqında müsahibə verən idman eksperti Rövşən Binnətli bildirib ki, “Qəbələ” komandasında hazırlıq prosesi “Qarabağ”dan fərqlidir:

“Qarabağ” komandası mübarizəyə bir qədər sonra başlayır. Ancaq “Qəbələ” qrupa düşmək üçün dörd mərhələ keçməlidir. Komanda mövsümün əvvəlindən hazır vəziyyətdə gəlməlidir. Qriqorçuk da komandanı məhz bu cür hazırlayıb. Ümumiyyətlə, “Qəbələ” Azərbaycan futbolunun tarixində çox önəmli bir səhifə yazdı. Böyük beşliyə daxil olan Fransa təmsilçisini mübarizədən kənarlaşdırdı. O zəfərdən sonra Sloveniya təmsilçisi ilə uduzması bizi məyus edərdi. Komanda səfərə iki top fərqi üstünlüklə yollanıb. Bu üstünlük hələ məsələnin həlli deyildi. O döyüşkən oyunu ilə “Qəbələ” sübut etdi ki, bu yerlərə qədər gəlib çıxmaq onun halal haqqıdır. Düzdür, daha fərqli qabiliyyət də ola bilərdi. Ancaq onun əksi də ola bilərdi. Son saniyələrdə Dmitro Bezotosnıy mükəmməl təkbətək mübarizədən qalib çıxmaqla o iki top üstünlüyü saxladı.

Dünənki cavab qarşılaşmasında da Bezotosnıy bir addım öndə idi. O anda xilaskar rolunu vicdanla yerinə yetirdi. Düşünürəm ki, “Qarabağ” kimi “Qəbələ” də qrup mərhələsində daha yaxşı nəticələr uğrunda yarışacaq. Son məlumatlara görə hələ transfer müddəti bitməyib, pəncərə açıqdır. “Qəbələ” zəif nöqtələrini gücləndirmək üçün belə addım atmaq niyyətindədir. Transfer olarsa, “Qəbələ”nin gücü daha da artacaq. Həmçinin də hardasa müəyyən çatışmazlıq varsa, bunu məşqçi fikirləşib rəhbərliyə bildirməli və transferi reallaşdırmalıdır. Əgər bunlar reallaşarsa və “Qəbələ” bir az da güclənərsə, qrupdan çıxmaq uğrunda mübarizə apara bilər”.

GSR.fm