Paylaş

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Azərbaycan təmsilçisi “Qəbələ” də cavab oyununa çıxacaq.

Bu barədə idman şərhçisi Rövşən Binnətli bildirib ki,  ilk oyundan fərqli olaraq cavab görüşü “Qəbələ” üçün daha çətin olacaq:

“Komandamız ilk oyundan 1:1 hesabı ilə qayıtdı. Bu, komandamız üçün böyük üstünlükdür. Çünki səfərdə vurulan qol bir çox hallarda əhəmiyyətli olur. Biz bunu iki gün öncə də gördük ki, “Qarabağ” – “Viktoriya” görüşündə “Qarabağ” üstün oyun nümayiş etdirdi. Lakin sonda rəqib vurduğu bir qol sayəsində mərhələni adlaya bildi. Ona görə “Qəbələ”nin Fransada keçirilən ilk oyunda qol vurması onun böyük üstünlüyüdür. Ancaq bu heç də o demək deyil ki, komanda artıq mərhələni adlamaq məsələsini həll edib. Bu yöndə bu gün “Qəbələ”ni çox ciddi oyun gözləyir. İlk oyundan fərqli olaraq cavab görüşü “Qəbələ” üçün daha çətin olacaq. Çünki ola bilsin ki, ilk oyunda Azərbaycan komandası olaraq “Qəbələ”yə o qədər də böyük önəm verilməyib. Komandanın məşqçilərinin də açıqlamalarında belə bir fikir var ki, “biz “Qəbələ” komandasını ilk oyunda tanıdıq. Ona görə cavab görüşünə çox ciddi şəkildə hazırlaşmışıq”. Buna görə oyun təbii ki, çox çətin olacaq. Ancaq “Qəbələ” komandasının ilk oyunda göstərdiyi cəsarət belə deməyə əsas verir ki, komanda mərhələni keçmək gücündədir və keçə bilər. Şansı heç də rəqibindən aşağı deyil. Baxmayaraq ki, rəqib Avropanın böyük beşlik komandasıdır və reytinqləri çox qabaqlayır.

Məsələn, “Qəbələ” 3-cü yüzlükdə qərarlaşıbsa, UEFA-nın klub reytinqində onun rəqibi təxminən 70-ci sıradadır. Böyük bir fərq var və təcrübə baxımından da rəqib çox üstündür. Yəni, bütün komponentlərdə hər şey “Lill”in xeyrinədir. Amma reallıqda “Qəbələ” ilk oyunda göstərdi ki, belə komanda ilə mübarizə aparmaq gücündədir və komandaya inam böyükdür. Bugünki oyunda da “Qəbələ” həmin mübariz və cəsarətli oyununu rəqibə diktə edə bilsə, biz arzuladığımız  nəticəni əldə edəcəyik və Azərbaycanın bir klubu qitənin böyük beşliyinə daxil olan ölkənin təmsilçisini mübarizədən kənarlaşdıra biləcək”.

GSR.fm