Paylaş

Dünən Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olub. Bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatıb. Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gəlib. Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın 109-cu dəqiqəsində Ederin vurduğu qol Portuqaliyaya tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb.

Bu barədə idman şərhçisi Rövşən Binnətli müsahibə verib. Onun sözlərinə görə, Portuqaliya komandası sübut etdi ki, həlledici oyuna təsadüfən gəlib çıxmayıb:

“2016-cı ilin Avropa Çempionatında Portuqaliyanın finala çıxmasını çox az adam proqnozlaşdırırdı. Hətta onun finala layiq olmadığını deyənlər də var idi. Oyun öncəsi mətbuat konfransında da Portuqaliya komandasının baş məşqçisi Fernandu Santuş da bunu dilə gətirdi ki, bizim haqqımızda belə fikirlər səsləndirirlər. Ancaq bir  komanda ki, finala qədər irəliləyib, o komanda haqqında layiq deyil ifadəsini işlətməyin özü peşəkarlıqdan uzaq yanaşmadır. Heç bir qələbə layiq olunmadan əldə oluna bilməz. Qazanılıbsa, demək layiqlidir. Portuqaliya komandası final görüşündə də bunu sübut etdi ki, həlledici oyuna təsadüfən gəlib çıxmayıb. Baxmayaraq ki, oyunların əksəriyyətini heç-heçə başa çatdırmışdı. 90 dəqiqə ərzində qalib gəldiyi yeganə turnir yarımfinalda 2:0 hesabı ilə “Uels” milli komandası olmuşdu. Bütün bunlar reqlamentdə nəzərdə tutulan məsələdir. Hər şey reqlamentə uyğun olub. Buna görə də, Fransa kimi güclü komanda ilə oyunun gedişində Portuqaliya komandası ən güclü silahı olan Kriştian Ronaldodan məhrum oldu. Təxminən 25-ci dəqiqədən etibarən Portuqaliya komandası lidersiz oynadı. Bütün bunlara baxmayaraq o, güclü rəqibin təzyiqləri qarşısında duruş gətirdi. Yekunda tərəflərdən biri qalib olmalı idi. Oyunun xarakteri belədir. Bu arzulanan qolu əlavə vaxtda Portuqaliya komandası vurmaqla tarixində ilk dəfə Avropa çempionu adını qazandı. Mən hesab edirəm ki, layiqli çempionluq oldu. Bu çempionat Avropa çempionatları tarixinə özünün özəlliyi və bucür  məqamları ilə imzasını atdı”.

GSR.fm