Paylaş

“İnsanların müxtəlif vasitələr ilə QİÇS-ə tutulma imkanlarının olması ilə bağlı fobiyası var”.

Bu sözləri Kişi Magazine-ə müsahibəsində psixoloqu Murad İsayev deyib.

O, bildirib ki,  hətta bəzən Avropadakı neqativ halları kütləyə çatdırırlar.

“Bəlkə də bu hallar heç olmayıb. Cəmiyyətdə belə bir informasiya formalaşıb məsələn, tutalım ki, hansısa bir iynə vasitəsiylə, hansısa yollarla QİÇS qrupları yaradıblar. İnsanlarda hansısa gözəllik salonunda, gnikoloji, stomotoloji müayinə zamanı, hansısa bir formada qanla və ya intim yolla virusun keçmə qorxusu yaranır. Hətta elə insanlar olur ki, nə intim, nə də qanla təması olmasa da daxilində QİÇS-ə yoluxma qorxusu formalaşır. İnsanda panik anlayış olur. Buna daha çox qadınlarda rast gəlinir. Yəni, insan düşünür ki, birdən QİÇS-ə yoluxar, bu xəstəlikdən ölə bilər.

Bəzən elə pasientlər olub ki, maddi durmu əl verməsə də, kütləvi nəqliyyat vasitələri əvəzinə taksilərdən istifadə ediblər. Onlar düşünürlər ki, kütləvi nəqliyyat vasitələrində çoxlu insanlar var, birdən nəsə olar və s. Heç bir əsası olmadan gedib “check up” etdirirlər və problem çıxmadıqdan sonra yenidən müayinə üçün gedən insanlar da var. Bəzən müşahidə etmişik ki, hətta pasient evdən çölə çıxa, insanlarla görüşə bilmir. Yəni, bu kimi anlayışlar əsasən xanımlarda olur. Bu da onların həssas olmalarından irəli gəlir. Belə olan halda qorxu və fobiya, panik nevroz yaranır. Əgər insan nevroza meyillidirsə panik atak kimi hallar da yarana bilər”.

Psixoloq Murad İsayev əlavə olaraq bildirib ki, daxilən düşünmək immun sisteminə çox güclü təsir edir:

“QİÇS xəstəliyi elədir ki, orqanizm zəif olur və insan özünü kimlərləsə müqayisə edir. Söhbət edərkən onların halsız olduqlarını, apatiyaya yəni, daxilən xəyal qırıqlığına uğradıqlarını və yaxud da depressiv vəziyyətə düşdüklərini müşahidə edirik. QİÇS xəstələri bu haqda daxilən çox düşünməsinlər deyə, əksər hallarda onlara antidepressant təyin olunur. Həmçinin QİÇS-ə yoluxmuş insanları cəmiyyətdən təcrid etmək lazım deyil.  Bu yöndə birinci QİÇS-ə yoluxmuş insanları, sonra isə ətrafdakı insanları maarifləndirmək lazımdır ki, bir-biriləri ilə ünsiyyət zamanı nələrə diqqət etməli olduqlarını bilsinlər. İki tərəfli maarifləndirmə prosesi daha yaxşıdır, nəinki onları təcrid etmək. Çünki onlar təcrid olduqca problemləri daha da artacaq”.

Qeyd edək ki, 1988-ci ildən etibarən 1 dekabr ümumdünya QİÇS-lə (Qazanılmış Ümmun Çatışmazlığı Sindromu) mübarizə günü kimi qeyd olunur. Dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir.