Paylaş

Aprelin 22-i Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun 70 yaşı tamam olur. 1992-ci ilin 14 iyunda Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə birlikdə şəhid olub. 

O, həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılıb. Lakin müəyyən səbəblərə görə Ağdamda – qardaşı Eldar Bağırovun məzarı yanında dəfn edilir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilir.

“Balacaydıq. Bir dəfə zəlzələ oldu. Gördük ki, anam qonşu otaqda yatan Allahverdini səsləyir ki, dur ayağa evdən çıxaq. Həmin vaxt hamımız evdə idik, amma anam tez Allahverdi yatan otağa qaçdı. Anamın aldığı nəfəs idi Allahverdi. Atamın 5 qızdan sonra nəzir-niyazla tapdığı, gəlişinə yeddi qurban kəsdiyi oğul payı idi. Bacılarının ismətiydi Allahverdi. Bir daha Allahverdi kimi oğul doğulmaz”.

Almaz Bağırova iyirmi il bundan əvvəl həlak olan qardaşı Milli Qəhrəman Allahverdi Bağırovdan danışır. Danışmaq deyil bunun adı, hər kəlməsinə sanki nəğmə qoşaraq qardaşını oxşayır. Oxşadıqca isə gözünün yaşı sel kimi axır.allahverdi

Beş qızdan sonra Allahın verdiyi bu oğul payı təkcə ailənin yox, sonralar bütün Azərbaycan xalqına verdiyi oğul payı oldu. Onun cəsarətindən, qorxmazlığından nə qədər desən, danışmaq da olar, yazmaq da. 46 illik ömrünün hər günü, hər anı onun cəsarətinin, qorxmazlığının ömür səlnaməsidir.

1988-ci ildə ermənilərin Qarabağa hücumları zamanı ilk ayağa qalxan Allahverdi və Eldar qardaşları oldular. Dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradıldı. Yüzlərlə könüllülərin hər biri gecələr keşik çəkirdi. A.Bağırov qardaşı Eldar Bağırov öldürüləndən sonra onun yolunu davam etdirir, bütün həyatını millətin payı olaraq yaşayır. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələri formalaşmağa başlayanda da belə olub, 1991-ci ildən Milli Ordunun ilk hissələri yaradılmağa başlayanda da. Həmin ilin oktyabr ayında Ağdamdakı hərbi hissələr Şirin Mirzəyevin, Allahverdi Bağırovun və Yaqub Rzayevin komandirliyi altında yaradılır.Əvvəlcə yararsız ov tüfəngləri ilə silahlanan könüllülər az sonra Qarabağın müdafiəçilərinə çevrilirlər.

Yüzlərlə əsir götürülmüş insan onun köməkliyilə geri alındı

Allahverdinin ən böyük mərdliyi, cəsarəti Xocalı faciəsi günlərində üzə çıxır, əliyalın əhalini ölümdən qurtarmaq üçün qarlı-çovğunlu günlərdə döyüşə atılır. O günlərdə amansızlıqla, vəhşiliklə qətlə yetirilmiş yüzlərlə insanın cəsədi məhz Allahverdinin köməyi ilə düşmən əlindən alındı, itkin düşən axtarılıb tapıldı. Yüzlərlə əsir götürülmüş insan onun köməkliyilə geri alındı. Cəsədləri Ağdam məscidində kəfənə bükülüb torpağa tapşırır, əsirləri sahiblərinə təhvil verirdi. O vaxt hamı Allahverdiyə müraciət edirdi, ondan kömək istəyirdi. O, 1003 nəfəri əsirlikdən, 700-ə qədər cəsədi düşməndən xilas etdi. Bütün bunların əvəzində isə onlara 32 erməni əsiri, 40 muzdlu döyüşçü meyiti verdi. Həyatını təhlükə altına qoyaraq ermənilərin içərisinə danışıqlara gedirdi. Xocalı faciəsindən sonra Allahverdi evdəkilərdən sanki gizlənməyə çalışırmış.

Bacısı Almaz xanımın dediklərindən:

Allahverdi dörd gün idi evə gəlmirdi. Ayaq üstə güclə dayanırdı. Yüyürüb qucaqladım. Üz-gözü, əlləri, paltarı qan içində idi, çətinliklə yeriyirdi. Dedi ki, qorxma, cəsədlərin qanıdır. Evə apardım, ayaqları şişdiyi üçün ayaqqabıları kəsib çıxardım, əl-ayağını isti suya qoydum. İnildədi, dedi ki, qorxma ağrı deyil, gördüyüm müsibətlər məni inildədir. İki-üç saatdan sonra dedi ki, maşın çağır, məni aparsın. Dedim, Ali (bir çoxları Allahverdiyə belə müraciət edirmiş- N.Q.) qurban olum, yat, dincəl. Üzümə sərt baxıb, qəzəblə “nəə” dedi. O qəzəbli “nəə” hələ də qulaqlarımdan getmir. Yəni demək istəyirdi ki, millətin bu müsibətli günlərində necə yatım, dincəlim?! Elə hey üzünü bizdən gizlətməyə çalışırdı. Qəribə olmuşdu. Elə bil ermənilərin törətdiklərindən utanırdı, evdə oturmaq istəmirdi. Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını, qızlarını görəndən sonra özünə gələ bilmirdi. 9 yaşlı qız uşağının başına nə oyun açmışdılarsa, gəlib evdə hönkür-hönkür ağladı. Utandığından bizə sarı baxmırdı…allahver

İndi görəsən, erməni əsirliyindən aldığı o 1003 nəfərdən heç olmasa 10 nəfəri Allahverdini xatırlayırmı, ildə bir dəfə ona Quran oxutdururmu? Çətin! Xatırlasalar, biri Xocalı soyqırımı günü telekanallarda adını çəkər. Tək bir dəfə televiziyada operator işləmiş (o da Xocalıdan deyildi -A.B.) bir nəfər dedi ki, bütün Azərbaycan xalqı Allahverdi Bağırova minnətdar olmalıdır ki, o vaxt cəsədləri yığanda ermənilərlə danışıqlar aparıb, video-çəkilişə razılıq aldı. İndi dünyaya Xocalı soyqırımını sübut etmək üçün sənədlər var. Bax, mənə ən çox təsir edən bu unutqanlıqdır.

Azərbaycan tərəfi yalnız Allahverdinin sayəsində Xocalı faciəsində öldürülənlərin meyitlərini çıxara bildi. Ermənilərlə danışıqlar aparmaq, don vurmuş meyitləri çıxarmaq, onları Ağdama gətirmək, dəfn etmək, yaslarını vermək, əsirlikdən qurtaranları yerləşdirmək… bütün bunlar bəlkə də Xocalı dəhşətlərini görməyən kimsə üçün asan görünər. Lakin on günlərlə meyit gözləyən insanlara kömək əlini yalnız Allahverdi uzadırdı. Hamısını öz vəsaiti hesabına eləyirdi. Ölənlərin dəfninə də köməklik göstərirdi. Ağdam məscidində həmin insanların yaxınları onlara verilən işgəncələri görməsinlər deyə, meyitləri yuyub kəfənləyirdilər. Ermənilərlə danışıq aparırdı, gedirdi sərhədə. Bu, hər oğulun işi deyildi ki, ermənilərlə belə danışıq aparsın. Allahverdi çox ürəkli adam idi.

Xocalı faciəsi zamanı üç uşağı əsirlikdən almışdı. Analarını ermənilər girov götürmüşdülər. Onları xeyli saxladıq. Sonra uzaq qohumları gəldi, onlara təhvil verdi. Belə şeylər çox olub həyatımızda…

Qəhrəmanın son arzusu

1992-ci il iyun ayının 10-da Allahverdi  Bakıdan Ağdama qayıdırmış. Ucar rayonunun ərazisində yol kənarındakı bir yeməkxanada oturmaq istəyərkən tanışlardan biri deyir: “Ali, xəbərin var, deyirlər, ermənilər Ağdama girib?” Çay içmədən maşına oturan Allahverdi sürücüsünə tez-tez qışqırır: “Mehman, bərk sür, fikirləşəcəklər ki, Allahverdi ermənilərin Ağdama girəcəyini bilirmiş, ona görə Bakıya gedib”. Yevlaxa çatanda orada soruşur ki, Ağdamdan nə xəbər? Deyirlərki, heç nə bilmirik. Bərdədə də belə. Batalyonun yerləşdiyi Ağdam 50 saylı texniki peşə məktəbinə çatanda Allahverdinin qapqara qaralmış sifəti açılır. Allahverdinin Ağdamı necə sevdiyi bir daha məlum olur. Bu da Allahın qismətiymiş. Allahverdi vətən yolunda, Ağdam uğrunda ölümə tələsirmiş, Tanrı yazısıdır, ondan qaçmaq olmaz!

allahverdi_bagirogbƏn böyük hərbi uğuru 1992-ci il iyunun 12-də Aranzəmin, Naxçıvanik döyüşlərində olur. O döyüşlərdə Allahverdi bütöv bir  batalyonun işini görmüşdü. Naxçıvanik kəndində düşmənin bütün canlı qüvvəsi və texnikası darmadağın edilmişdi. Cəmi bir saat kifayət etmişdi Naxçıvanikə Azərbaycan bayrağının sancılması üçün. Növbədə isə düşmən qüvvələrinin xeyli güclü olduğu Aranzəmin kəndi idi. 100 erməni meyiti və 10 düşmən əsiri bahasına alındı Aranzəmin. Daha sonra isə Pircamal, Dəhraz, Təkir, Mirikəndləri ermənilərdən təmizləndi. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi 2 saat lazım oldu. Lakin bu döyüş Allahverdi Bağırovun son döyüşü oldu. Alınmış kəndlərdən Ağdama qayıtdığı yerdə “UAZ-469” markalı maşın minaya toxunaraq partladı. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi sürücüsü Əmir Mirzəyevlə birlikdə şəhid oldular. Əvvəlcə Bakıda Şəhidlər Xiyabanında dəfn olunması nəzərdə tutulsa da, sonra qardaşı Eldar Bağırovun yanında–Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunur. 1993-cü ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, daha sonra isə “Qızıl ulduz” medalına layiq görülüb. Beləcə, bir qəhrəmanın kitablara sığmayacaq qədər zəngin olan ömür yolunu qısaca da olsa xatırlamağa çalışdıq. Onun hər şeyi var idi. Gözəl ailəsi, dillər əzbəri adı-sanı, yaxşı güzəranı… Ağdamda ictimai iaşə birliyində işləyirdi. Restoran, tikinti kooperativləri, dükanları vardı. Amma onun üçün bütün bunlar deyil, əqidəsi önəmli idi. Uğrunda canını fəda etdiyi əqidəsi. Həmişə deyərmiş ki, kim hara gedir-getsin, mən Ağdamda qalacağam. Doğrudan da o, torpağı çox sevdiyi üçün orda qaldı. Yaşasaydı, indi 70 yaşı olardı. Ağdamsız yaşaya biləcəkdimi? Yaşasaydı, erməni Ağdamı işğal edə biləcəkdimi? Bunlar cavabı bəlli olmayan suallardır… Cavabı bəlli olan nəsnə onun son arzusunu reallaşdırmaqdır – Milli Qəhrəmanımızın üçrəngli bayrağımızı Xankəndinə sancmaq arzusunu. Allahverdi Bağırovun ruhunu şad etməyə çox az qalıb…

Teleqraf.com