Paylaş

“Düşünmürəm ki, İcraiyyə Komitəsinə üzv seçilsəm, bu mənim üçün əlavə yük olar”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu AFFA-nın İcraiyyə Komitəsinə komandanın baş məşqçisi Qurban Qurbanovun namizədliyini irəli sürəcək.

Məsələ bağlı danışan 44 yaşlı mütəxəssis İcraiyyə Komitəsinə üzv seçiləcəyi təqdirdə, bunun ona problem yaratmayacağını bildirib: “Hələlik namizədliyim təklif olunub. Səsvermənin nəticəsinin necə olacağını bilmirik. Seçilməyə də bilərəm. Amma seçilsəm, bu, işimə mane olmayacaq. Əksinə, ölkə futboluna daha da yaxınlaşacağıq. İcraiyyə Komitəsinin iclası ildə 3-5 dəfə olur. Əgər üzv seçilsəm, həm klubun, həm də özümün fikirlərini orda bildirməyə çalışacam. Hər hansı problem olarsa, müzakirəyə çıxararıq. Fikrimi, təklifimi İcraiyyə Komitəsinin iclaslarında səsləndirməyə hazıram”.

Qeyd edək ki, Qurban Qurbanovun İcraiyyə Komitəsinə üzv seçilib-seçilməməsinə martın 11-də aydınlıq gələcək.

apasport.az