Paylaş

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olacaq.

Avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu olan 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinin heyətində 50-ci belə matça çıxacaq.

İyulun 20-də keçiriləcək “Düdelanj”la səfər matçına qədər Sadıqov kapitanı olduğu “Qarabağ”da 49 oyuna çıxıb. Bu görüşlərdən 7-si Çempionlar Liqası, 42-si Avropa Liqasında təsadüf edib. Sadıqovun hesabında ikinci turnirdə vurulan 3 qol da var.

Ağdam təmsilçisi ilə qitə miqyaslı klub turnirlərində 2009-cu ildə debüt edən Rəşad ümumilikdə 72 avrokubok matçı keçirib: “Qarabağ”da 49, “Neftçi”də 18, Türkiyənin “Kayserispor” klubunda 5 oyun. Onun vurduğu 5 qoldan 3-ü Ağdam, 2-si Bakı klubunda qeydə alınıb.

Qeyd edək ki, Sadıqovun avrokuboklardakı debütü 2001-ci il avqustun 9-da Bakıda keçirilən “Neftçi” – “HİT Qoritsa” (Sloveniya) görüşünə təsadüf edib.

Apasport.az