Paylaş
“Gold” modelləri xüsusi qonaqlar üçün nəzərdə tutulub

“The 13 Holdings Ltd.” şirkətinin İdarə Heyətinin sədri Stiven Hunun (Stephen Hung) fərdi sifarişi əsasında hazırlanmış 30 “Rolls-Royce Phantom” avtomobili “Rolls-Royce”un Qudvuddakı (İngiltərə) zavodunu tərk edib.

Kişi Magazine Avtosfer.az-a istinadən xəbər verir ki, brendin tarixində ilk ən böyük sifariş olan unikal “Phantom” donanması açılışı 2017-ci ildə Makaoda (Çin) planlaşdırılan “The 13” mehmanxanası üçün hazırlanıb. Bu ilin əvvəlində Cenevrədə keçirilən beynəlxalq avtosalonda bu unikal seriyanın ilk avtomobilinin açarının təqdimetmə mərasimi baş tutub. Stiven Hunla sıx əməkdaşlıq çərçivəsində “The 13” hotelinin xüsusi rənglərində hazırlanmış kolleksiya uzadılmış təkər bazalı 30 “Phantom”dan ibarətdir. Donanmanın yaraşığı işlənməsində yüksək əyarlı qızıldan istifadə olunan iki “Gold” avtomobilidir.

Bütün modellərin gövdəsi məhz bu sifariş üçün hazırlanmış “Stephen Red” boyası ilə rənglənib. Korpus boyunca irəliləyən ikili dekorativ qızılı xətt hotel üslubunda hazırlanmış unikal qrafik elementə keçir. 21 düymlük təkər diskləri də “Stephen Red” rəngində işlənilib.

Effektiv xarici dizayn avtomobil salonundaki düşünülmüş elementlərlə vəhdət təşkil edir. Xüsusi texnologiya ilə işlənmiş ağac detallarının rəngi “Stephen Red” palitrasını vurğulayır, arxa oturacaqların şahmat naxışları da öz növbəsində “The 13”ün mərmər zalını xatırladır. Qurğu panelinə yerləşdirilən saat “Graff” zərgərlik atelyesi ilə birgə hazırlanıb.

“Gold” modelləri xüsusi qonaqlar üçün nəzərdə tutulub. “Ruhun ekstazı” fiquru və əfsanəvi “Pantheon”un radiator barmaqlıqları qızıl, “Rolls-Royce” monoqramı isə süni brilyantdan hazırlanıb. Avtomobil salonunun dizaynında da qiymətli metallardan istifadə olunub. Avtomobilin hazırlanması zamanı cüzi miqdarda qızıl da əlavə edilmiş unikal “Stephen Red” boyasından istifadə olunub.