Paylaş

Kishi.az saytı ilə “Sağlam Ailə” tibb mərkəzinin birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasında həkimlərimiz sizin səhhətinizlə bağlı suallarınızı cavablandırır.
Əgər sizin də sağlamlıqla bağlı hər hansısa probleminiz, sualınız varsa, bizə (http:// fb.com/kishikimi ünvanına) göndərin, “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssisləri cavablandırsın.

1. Oxucu sualı: Salam, həkim. Mənim dərimdə ləkələr uzun müddət qalır. Hətta uşaqlıqdan bəri bütün yaralarımın izləri hələ də qolumda, qıçımda hiss olunur. Deyirlər ki, bu qanda olan hansısa problemlərlə bağlı ola bilər. Öyrənmək istəyirəm bu fikir həqiqətə uyğundurmu? Problemin səbəbi başqa nə ola bilər?

1. Həkim cavabı: Ləkələrin uzunmüddətli qalmasının səbəbi dərinin xüsusiyyətləri ilə əlaqədərdir. Əsasəndə regenerasiya ilə bağlıdır. Regenerasiya prosesinin zəifləməsinə bir neçə amil səbəb ola bilər: dərinin fərdi xüsussiyəti, immunitetin zəifləməsi, stres, düzgün olmayan qidalanma, avitaminoz, dəridəki qan dövranının zəifləməsi, dəriyə yanlış qulluq, infeksion proses və s.
Səbəbini araşdırmaq üçün, həkim-dermatoloq müayinəsi məsləhətlidir. Bəzi hallarda bu səbəbsiz, yəni dərinin sirf Sizə olan xüsusiyyəti də ola bilər. Bu halda çalışın çox gün işığı altında qalmayasınız. Köməkçi vasitə kimi vitaminlər (A, E, B, C), efir yağları, təbii pilinq, aloe, düzgün qidalanma, maye qəbulu və s. istifadə etmək olar. Lakin dediyim kimi, mütəxəssis müayinəsini nəzərdən qaçırmayın.

2. Oxucu sualı: Həkim anamın bir sinəsi xərçəngin yayılma ehtimalına görə kəsilib. O vaxt əməliyyat olunanada həkim demişdi ki, xərçəngin yayılmasının qarşısı tam alınıb, amma indi anam deyir ki, o diri sinəsində də şişmə-bərkimə hiss edir. Bu da hansısa xəstəliyin simptomu ola bilərmi?

2. Həkim cavabı: Fərdi həkim baxışı olmadan, heç bir diaqnoz qoyula bilməz. Çünki sinədəki şişmə və bərkimə bir neçə səbəbdən yarana bilər (mastopatiya, fibroadenoma, hormonal disfunksiya, onkolojı proses və digər). Bunun üçün USM müayinə, mamoqrafiya, qan analizləri (CEA, CA 15-3 və s.) və mütləq uzatmadan həkim-mamoloqun vizual müayinəsi mütləqdir!

3. Oxucu sualı: Həkim, mən 5 aylıq hamiliyəm. Tez-tez köpüm olur. Bu da məni narahat edir ki, uşağa nəsə ziyanı olar. Bunun olmaması üçün nə etməliyəm? Ya da hansısa müalicə üsulu varmı?

3. Həkim cavabı: Mədə-bağırsaq sistemində yaranan köp, yəni meteoizm hamiləlik dövrünə xass olan bir xüsussiyətdir. İlk aylarda bu orqanizmdə artan progesteron hormonu ilə əlaqədərdir. Progesteron uşaqlıq əzələlərinin boşalmasına səbəb olur, bu isə mədə və bağırsaq əzələlərinədə aiddir və nəticədə motorika pozulması yaranır (meteorizm, bərkimə, gəyirmə və s.) Sonraki dövrdə uşaqlıq böyüdüyü zaman bağırsaqları bir miqdar sıxır və bu səbəbdən meteorizm yaranır. Bəzi hallarda isə düzgün qidalanmama, ferment çatışmazlığı, disbakterioz və s. kimi səbəblərdən əmələ gələ bilər. Daha ətraflı məlumat üçün həkim-ginekoloq və yaxud qastroenteroloq müayinəsi məsləhətlidir.
Təbii üsullarla bunu aradan qaldırmaq üçün, Siz bir neçə vasitədən istifadə edə bilərsiniz: qidanın kiçik porsiya ilə qəbulu, qidanın qəbulu zaman kifayətli çeynəməsi, fiziki aktivlik, rahat geyim, qaz əmələ gətirən məhsullardan (kələm, qazlı içkilər, paxlılar və s.) və çox qızardılmış qıdadan ( həzmi ləngidir) uzaq durma və s.
Lakin, əgər Sizdə köpdən əlavə qarın boşluğunda ağrı yaranırsa, mütləq həkimə müraciyyət edin.

4. Oxucu sualı: Son 2-3 aydır ki, saçlarımın töküldüyün hiss edirəm. Bundan əlavə dırnaqlarım da həddindən artıq incəlib, həssaslaşıb. Deyirlər ki, bu dəmir çatışmazlığının əlamətləri ola bilər. Bilmək istəyirəm dəmir çatışmazlığının başqa hansı əlamətləri olur və səhhətdə nə kimi problemlər yaradır?

4. Həkim cavabı: Dəmir çatışmazlığının kliniki əlamətlərinə bunlar aiddir: yorğunluq, halsızlıq, dərinin solğunluğu, quruluğu və qabıq verməsi, bəzən baş ağrıları, saçların və dırnaqların incəlməsi, fikirin yayınması, iştahsızlıq, tez-tez xəstələnmə, mədə-bağırsaq sisteminin disfunksiyası və s.
Dəmir çatışmazlığı diaqnozunu qoymaqdan öncə həkim-terapevt müayinəsi və bəzi analizlərə ehtiyac var (QÜA, qanda Fe və s.).
Saçların tökülməsi və dırnaqların incəlməsi digər səbəblərdən də yarana bilər: məsələn, vitamin çatışmazlığı, maddələr mübadiləsinin pozulması, endokrin disfunksiya, digər mikroelementlərin çatışmazlığı və s. Səbəbini araçdırmaq üçün həkim baxışı məsləhətlidir.

5. Oxucu sualı: Həkim, mənim əllərim tez-tez tərləyir. Adi iş gördüyüm vaxt belə. Bunun ürək zəifliyi ilə nəsə əlaqəsi ola bilər? Ümumiyyətlə hansısa daxili xəstəlikdən xəbər verir bu hal?

5. Həkim cavabı: Bu cür simptoma tibbi dildə hiperhidroz deyilir, proses həm lokal həmdə ümümi ola bilər. Yaranma səbəbi bir neçə ola bilər: irsiyyət, stres, gərginlik, vitamin çatışmazlığı, endokrin disfunksiya, infeksion xəstəliklər, vegetativ disfunksiya və s.
Tez-tez tərləmə normal sayılmır, həkim-terapevt, ehtiyac olsa nevropatoloq müayinəsi məsləhətlidir. Ev şəraitində Siz yalnız simptomatik köməklik edə bilərsiniz.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.