Paylaş

“Ümumiyyətlə bilməliyik ki,  əgər biz müharibə şəraitində yaşayırıqsa səfərbərlik hər zaman gözlənilə bilər”

Bu sözləri GSR.fm-ə cəbhədəki  vəziyyət haqqında danışan hərbi psixoloq Azad İsazadə deyib. O əlavə edib ki, hazırda səfərbərliyin elan olunmasına ehtiyac yoxdur:

“Bu gün Azərbaycan ordusu düşmə
nin hücumunu dəf edib və əks hücuma kecib. Faktiki olaraq Azərbaycan ordusu heç bir hərəkət etmir, mövqelərini möhkəmləndirir.  Amma aydındır ki, ermənilər dinc oturmasa, bu münaqişə genişlənsə və açıq döyüşlər yenidən bərpa olunsa Müdafiə Nazirliyinin qərarı ilə səfərbərlik olacaq”.

Ekspert həmçinin, qaytarılan kəndlərin yenidən işğal olunması ehtimalından da danışıb:

“Təhlükə birinci gün idi. Çünki bizim  qoşunlar irəli gedib, təzə mövbqelərdə dayanan zaman,  ermənilər əks hücuma keçməklə biz vurub keçə bilərdilər. Ən təhlükəli period o idi. Bu məqamı biz keçdik, dəf elədik  və  imkan vermədik ki, təzədən o yerləri götürsünlər. Bu iki gün ərzində Azərbaycan ordusu boş-boşuna oturmayıb. Mövqeləri bərkidib,  ağır texnika  gətirib və  yəqin əlavə qoşun da yeridib. İstisna etmirəm ki, ermənilər çalışsalar ki,  o kəndləri qaytarsınlar,  bizim  əsgərlər daha  da irəli gedib o biri əraziləri götürə bilərlər. Ancaq biz bilirik ki, bir müharibə tez-gec  sülh danışıqları ilə bitir və sonluğu  nə vaxtsa oturub danışmalıyıq. Söhbət ondan gedir ki, kim və nə ilə danışıqlara oturacaq.

İndi Azərbaycanın unikal bir fürsəti yaranıb. Azərbaycan ordusu təxribata cavab verərək  hücuma keçib,  öz gücünü göstərib.  Bir neçə kənd və yüksəkliyi  azad edilib . Danışıq vaxtı Azərbaycanın əlində təzə bir arqument var. Onlar qarşı tərəfi danışığa çağıranda da, bildirəcəklər ki, danışmırsızsa biz hücumu təzədən davam etdiririk. Sözsüz ki, danışıqlar ərzində hər iki dövlət nəyəsə arxalanır və o güc naminə öz istədiyini danışıqlarla yeridir. Ona görə də bu gün Azərbaycanın güc nümayiş etdirmə şansı var idi. İndi də danışıq vaxtı yəqin ki, bu arqumentdən istifadə ediləcək”.