Paylaş

“Eurovision-2016” musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimli Azərbaycana  qayıdıb.

Kishi.az  APA-ya istinadən xəbər verir ki, onu Heydər Əliyev adına Hava Limanında pərəstişkarları, yaxınları və media nümayəndələri böyük coşqu ilə qarşılayıblar.

Təyyarədən düşən kimi jurnalistlərin suallarını cavablandıran Səmra Rəhimli çıxışını belə qiymətləndirib:

“Azərbaycanımızı layiqincə təmsil etmək üçün əlimdən gələni etdim. Məncə də alındı. Nəticədən asılı olmayaraq hər şey çox əla oldu. Bu, musiqili yarışmadır, pozitiv yanaşmaq lazımdır. Orada olub, iştirak etməkdən zövq almaq lazımdır”.

Səhnə geyimi ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirəm Səmra qeyd edib ki, geyimində heç bir qüsur olmayıb:

“Bildiyiniz kimi ora Avropadır. Geyimimdə heç bir qüsur görmürəm. Əsas odur ki, yaraşır. Yaraşmasaydı, geyinməzdim”.

Sonda yarışmada ermənilərin təxribatlarına münasibət bildirən Səmra musiqi yarışmasına siyasətin qarışmasının qəbul edilməz olduğunu vurğulayıb:

“İstəməzdim ki, musiqi yarışmasına siyasət qarışsın. İnsanlar ordan pozitiv enerji almaq istəyir. İstəmirlər ki, stress alsınlar. Stress onsuz da həyatımızda var. Ümid edirəm ki, erməni təmsilçisinin həmin hərəkətlərinə qarşı tədbir görüləcək və onlar cəzalandırılacaqlar”.

Məlumat üçün qeyd edək ki, İsveçin Stokholm şəhərində keçirilən “Eurovision 2016” mahnı müsabiqəsinin birincisi Ukrayna təmsilçisi, Krım tatarı Camala olub. “Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.