Paylaş

“O deyir ki” rubrikasında bu dəfəki müsahibimiz müğənni, Eurovision müsabiqəsinin qalibi Eldar Qasımovdur. İndi həmin müsahibəni Sizə təqdim edirik.

Bir az uşaqlığınızdan danışın. Uşaqlığınız necə keçib? Nələr yadınızda qalıb?
– Uşaqlığım o qədər də qeyri adi hadisələrlə yadımda qalmayıb. Günün yarısını məktəbdə keçirirdim, sonra həyətdə uşaqlarla oynayırdım. Nənəmin tamaşalarından bəhrələnib, evdə tamaşalar və dekorasiyalar qururdum, şou göstərirdim. Düşünürəm ki, mənim uşaqlığım başqa uşaqların həyatından daha zəngin keçib. Çünki mən həm oynamağa, həm də inkişaf etməyə vaxt tapırdım. İndiki uşaqlara baxanda başa düşürəm ki, inkişaf prosesi ya dayandırılıb, ya da zəifdir.

İxtisasca diplomatsınız. Müğənni olmaq istəyirdiniz, diplomat oldunuz, ya diplomat istəyib müğənni?
– Mənim ən böyük arzum müğənni olmaq idi. Həmişə bu fikirdə olmuşam. Bilirdim ki, necəsə axırda səhnədə olacağam. Sadəcə, ümumi inkişaf üçün məhz Beynəlxalq Münasibətlər ixtisasını seçdim. Ümumiyyətlə, uşaqlıqdan çox peşə sahibi olmaq istəmişəm: müəllim, hüquqşunas, həkim. Sadəcə, həyat elə gətirdi ki, Bakı Slavyan Univeristetinin “Beynəlxalq münasibətlər və regionşunaslıq” fakültəsinə daxil oldum.

Necə düşünürsünüz, elə bir xasiyyətiniz varmı ki, o sizin qətiyyən diplomat olmağınıza imkan verməzdi?
– Bəli. Sözü üzə deməyim, çünki diplomatiya danışıqlar aparmaq sənətidir. Buna istedad lazımdır. Mən əksər hallarda sözü üzə deyirəm. Düşünürəm ki, əgər, dünyaca tanınmış diplomat olsaydım, böyük qarşıdurmalar baş verərdi, hətta müharibələr olardı. Yəni, mənim diplomat olmağım böyük problemlər yaradardı.

İndi keçək əsas sənətinizə. Auditoriya bu yaxınlarda Eldar Qasımovdan hansı yeniliklər gözləsin?
– Yeni mahnılar olacaq. Çox yaxın zamanda həm Azərbaycan, həm də ingilis dilində “Canım” adlı klipim işıq üzü görəcək. Bu klipdən sonra isə “Duman” adlı mahnım yayımlanacaq. “Duman” mahnısını solo konsertimdə canlı ifa etmişəm.

Necə düşünürsünüz? Eurovision həyatınızda nəyi dəyişdi? Yenidən Eurovision da iştirak etmək istəyərdinizmi?
– Bu addımı bir dəfə atmışam. Düşünürəm ki, ora qayıtmaq məntiqsiz olardı. Düzdür, Eurovison mənim həyatıma rəng qatdı, həyatımı dəyişdi, amma yenidən iştirak haqqında düşünmürəm. Fikirləşirəm ki, ancaq irəli baxmaq lazımdır.

Nigar Camal ilə duetiniz olduqca uğurlu alındı. Bu həm sizə, həm də Nigara məşhurluq qazandırdı. Gələcəkdə kimləsə duet oxumaq fikriniz varmı?
– Əlbəttə , fikirlərim var. 2013-cü ildə Eurovisionda Ukrayna təmsilçisi Zalata Oqneviçlə duetimiz var. Gələcəkdə də yeni duetlər barədə düşünürəm.

İndi səsinə güvənən gənclərimizin əksəriyyətini xarici musiqi festivalarında görürük və onlar buradakı uğurları ilə tez zamanda fərqlənməyi bacarırlar. Sizcə, onlar nə üçün Azərbaycanda layiqli yer tuta bilmirlər? Ya da niyə sənətlərini burada davam etdirmək istəmirlər?
– Xarici ölkələrin musiqi bazarı bizim bazarımızdan çox fərqlənir. Orada müğənniyə və musiqiyə olan tələblər tam başqadır. Buna görə də xaricdə hansısa musiqi festivalında, böyük səhnələrdə iştirak etmək istəyən şəxs özünə qarşı çox tələbkar olmalı, öz üzərində həddindən artıq işləməlidir. Onların bizdən digər bir üstünlüyü də auditoriyanın yüksək musiqi zövqünün olmasıdır. Məsələn, orada heç kəs müğənninin canlı oxumadığı konsertə getmir. Deyir ki , “pul vermişəm , pis oxusun, yaxşı oxusun ,amma, canlı oxusun”. Bizdə isə auditoriyanın belə tələbatı yoxdur. Əvvəl oxunan, bəstələnən mahnılara baxırsan, bir də indi oxunanlara. Fərq o dərəcədə böyükdür ki. Bayağı mahnılara bu qədər tələbatın olmasını, belə mahnıların, ifaçıların tez məşhurlaşmasını başa düşə bilmirəm. Onu deyə bilərəm ki, get-gedə zövqlər korlanır.

Çoxları da deyir ki, bizdə şou yoxdur. Ancaq, toy üzərində qurulan biznes var. Bu fikrə münasibətiniz?
– Bəli, bu tamamilə doğrudur. Bizdə efirə çıxan müğənnilər ancaq toy mahnıları oxuyurlar ki, tez zamanda toy tuta bilsinlər. Mən onları qınamıram, sadəcə, vəziyyət belədir, pul indi oradadır. Onlar ailələrini dolandırmalıdırlar. Amma əgər, hamımız desək ki, keyfiyyətli musiqi lazım deyil, ailəmizi dolandırmalıyıq, bu zaman bizdə heç nə alınmaz, heç bir inkişafdan söhbət gedə bilməz. Bizdə şou-biznes yoxdur, şou da yoxdur.

Deyirlər, komplekssiz insan yoxdur. Bəs sizin kompleksləriniz nədir?
– Komplekslərim çoxdur. Onlardan biri kök olmağımdır. Hərdən qorxuram ki, kök görünərəm. Depresiyaya düşəndə çox yediyim üçün bir neçə ay ərzində 7 kq kökəlmişəm. İndi idman edirəm, əminəm ki, bu mənə kömək edəcək. Çalışıram ki, kompleksləri tərk edim, mən edə bilməsəm də, onlar məni tərk etsin.

Bir çox ölkələrdə olmusunuz. Sizcə ən gözəl xanımlar hansı xalqa məxsusdur?
– Konkret olaraq ad çəkə bilmərəm, çünki düşüncəmdə elə bir şey yoxdur ki, bu ölkənin qızları ən gözəl qızlar olur. Sadəcə, şərq qızları, onların üz cizgiləri mənim çox xoşuma gəlir.

Bildiyimizə görə, özünüzdən 6 yaş böyük sevgiliniz olub. Sizcə, münasibətdə yaş nə dərəcədə önəmlidir?
– Yaşın sevgidə böyük rolu var. Mənim üçün sevgi hörmətdir, qayğıkeşlikdir, yalan danışmamaqdır, həmişə yanında olmaqdır, fədakarlıqdır. Hər şey ehtirasla başlayır, sən onu istəyirsən, düşünürsən ki, sevirsən , amma bu sadəcə ehtirasdır. Ehtiras nə vaxtsa bitir. Əgər ehtiras sevgiylə bitmirsə, demək ki, qarşı tərəfə ancaq sənin bədəninə lazım imiş, ürəyinə yox. Əsl sevgi ehtiras bitəndən sonra başlayır. Birini həqiqətən sevdiyin zaman o gözəl də olsa, çirkin də olsa, sən qarşındakı şəxsi olduğu kimi qəbul edirsən.

Sevdiyiniz qadının hansı hərəkəti sizi ondan soyuda bilər?
– Mən sevgidə o qədər də xırda detallara fikir vermirəm, buna görə də məni qarşı tərəfdən az hərəkətlər uzaqlaşdıra bilər. Çünki mən sevgimə, qarşı tərəfin sevgisinə, öz hisslərimə böyük qiymət verirəm.

Münasibətdə güvən önəmlidir, amma bəzən qarşı tərəfə nə qədər güvəndiyimizi desək də, ona müəyyən qadağalar qoyuruq. Bəs siz sevgilinizə hansı qadağalar qoyursunuz?
– Mən ona müəyyən qadağalar qoya bilərəm. Məsələn, ona mənfi təsir edəcək insanlarla dostluq etmək, münasibət qurmaq, lazım olmayan yerlərə getmək, pulu ora-bura xərcləmək və. s. Bəlkə, mənim də həyat barədə o qədər böyük təcrübəm yoxdur, amma düşünürəm ki, düzgün yaşayıram. Bu barədə bütün
bildiklərimi yanımdakı qadına ötürməyə çalışarım.

Sizcə, münasibətdə nə dərəcədə qısqancınız?
– Açığını deyim, sevgilimin facebookunu, whatsapp-ını yoxlayacaq qədər çox qısqancam. Düzdü, bilirəm ki, bunu etmək olmaz. Çalışıram ki, onun telefonunu yoxladığımı görməsin. Sadəcə, bunu rahatlığım üçün edirəm. Bilirəm ki, bu zaman hansısa xoşa gəlməyən zənglər, mesajlar görə bilərsən. Hətta, nələrisə yanlış da anlaya bilərsən, amma özümdən aslı olmadan edirəm.

Sevəcəyiniz qadın hansı özəlliklərə sahib olmalıdır?
– Həmin xanımın özünəməxsus tərzi, dünyagörüşü, danışıq qabiliyyəti olmalıdır. Bir də görürəm ki, gözəl qadındır, ağzını açan kimi deyirəm: “Allah məni niyə bura gətirdin, yaxşı olardı ki, biz heç görüşməyəydik”. Məncə, qadında ağıl önəmlidir, çünki bir müddət keçdikdən sonra gözəllik, tərz arxa plana keçir.

İndi hər bir sahədə xanımları görmək mümkündür. Bəs, münasibət qurduğunuz qadının peşəsi sizin üçün nə dərəcədə önəmlidir?
– Düşünürəm ki, hər bir sənətdən olan insanla münasibət qura bilərəm, çünki hər iki tərəf bir-birini eyni qədər sevirsə, bu zaman ixtisasın önəmi yoxdur. Mən onu insan olduğu üçün sevirəm, amma çox istəyərdim ki, xanımım delfinlərin təlimçisi olsun. Fikirləşirəm ki, müğənni olmasaydım, mən də bu ixtisası seçərdim.

Evlilik, ailə haqqında nə fikirləşirsiniz? Nə vaxt Eldarı bəy kostyumunda görəcəyik?
– Hələ evlilik barədə düşünmürəm, çünki ailə məni işlərimdən, mahnılarımdan, məni sevən insanlardan uzaqlaşdıra bilər. Bilirəm ki, evlilikdən sonra səhnəni tərk edəcəyəm. Özümü ailəmə, uşaqlarıma həsr etməliyəm. İndi isə üzərimdə böyük bir məsuliyyət var: insanlar mahnılarımı gözləyirlər. Mən nəsə etməyə başlayanda özümü tamamilə ona həsr edirəm. Ona görə də ailə qursam, mənim üçün övladlarım hər şeydən üstün olacaq.

Sizcə, Azərbaycanda “Qadınlar kişilərlə eyni hüquqa malikdir”prinsipinə nə dərəcədə əməl olunur?
– Bu prinsipə əməl olunur. Bakının küçələrinə çıxsaq, görərik ki, sükan arxasında, klublarda qadınlar çoxdur. Bu sadəcə qadının istəyindən aslıdır. Elə qadınlar var ki, onlar evdə oturub yemək bişirməyi, yoldaşının sözüylə oturub-durmağı xoşlayır, amma mən belə qadın istəmirəm. Mənim xanımım siqaret də çəkə bilər, maşın da sürə bilər. Əsas odur ki, vəfalı olsun.

Hər zaman müxtəlif xanımların əhatəsindəsiniz. Sizin üçün evlənəcəyiniz xanımın miliyyəti önəmlidirmi?
– Nə milliyəti, nə dərisinin rəngi, nə peşəsi mənim üçün önəmli deyil. Həqiqi münasibət qurmaq istəyirəmsə, bu mənim üçün heç bir əhəmiyyət daşımır.

Qadınlar kişilərdən 2 dəfə çox ağıllıdır, deyirlər, sizin bu fikrə münasibətiniz necədir?
– Qadınlar çox ağıllıdırlar. Bu fikirlə razıyam, çünki onlar hər şeyi idarə edirlər. Boşuna deməyiblər ki “Qadınlar ocağın yiyəsidir”. Onlar münasibətdə hər şeyi tənzimləyirlər. Biz kişilər ömrümüzün axırına qədər pul qazana bilən, ya da qazana bilməyən körpələrik. Həmişə bizi idarə edəcək qadına ehtiyacımız var.

Sosial şəbəkələrdə aktiv istifadəçisiniz. Gələn sevgi mesajlarını necə cavablandırırsınız?
– Çalışıram ki, bütün mesajlara cavab verim. Sözü üzə deyən adam olduğum üçün necədirsə, elə də yazıram. Məsələn, “Çox sağ olun, amma sevgi axtarmıram” və.s. Başqa cür deyə bilmərəm, çünki insanların qəlbi qırıla bilər. Ona görə də hərdən cavab verirəm, hərdən yox. Ya da yazıram : “Çox sağ olun, çox şadam ki, bu məktubu aldım. İnanıram ki, böyük bir sevgi nə vaxtsa, sizin də, mənim də qapımı açacaq”.

Geyimlərinizlə diqqət çəkməyi bacarırsınız. Hansı stili daha çox sevirsiniz? Xüsusi stiliniz varmı?
– Aksessuarları çox xoşlamıram. Səfərə gedən zaman çantadan istifadə edirəm, çünki nəyisə əlimdə nəsə gəzdirməyi sevmirəm.Geyim tərzimə gəldikdə isə özümü hansı geyimdə rahat hiss edirəmsə, onu geyinirəm. İndi qara və tünd rənglərə daha çox müraciət edirəm. Bilmirəm, bu daxilimdəki hislərdən irəli gəlir, ya imic dəyişimidir. Eyni zamanda, komandamızın imic barəsində müzakirəsindən sonra belə düşündük ki, bu rəng indiki obrazıma daha yaxındır.

2011-ci ildə “Qorxma, mən səninləyəm” filmində rol almısınız. Gələcək üçün hansı filmə dəvət alsanız, qəbul edərsiniz?
– Kino kameraları qarşısında özümü yenidən sınamaq, filmlərdə rol almaq istəyirəm. Filmdə oynamaq, başqa bir insanın həyatını , öz həyatın çərçivələrində yaşamaq deməkdir və bu mənim üçün başqa bir hissdir. Daha çox istəyərdim, mənfi xarakterli obrazları oynayım. Düşünürəm ki, bununla həyatıma rəng qata bilərəm. Bu obrazlar: dəli, qatil, manyak və.s ola bilər. Bu arzuma nə vaxtsa nail olacağıma əminəm.

Son olaraq kişilərə məsləhətiniz.
Kişilərə məsləhətim odur ki, sərbəst olsunlar, verdikləri sözlərə əməl edə bilsinlər. Xanımları 8 mart, ad günlərindən başqa günlərdə də sevindirsinlər.