Paylaş

“Şizofreniyadan tam sağalmaq mümkündür.  Vaxtında müalicə alanlar, dərmanları vaxtı-vaxtında qəbul edənlər bu xəstəlikdən tamamilə qurtula bilərlər”

Bu sözləri həkim-psixiatr Orxan Fərac deyib. Onun sözlərinə görə, şizofreniya təqribən 17-35 yaş arasında başlayan xəstəlikdir:

“Xəstəlik şəxsin ətraf mühitə qarşı fikirlərini dəyişməklə başlayır. Məsələn, “məni güdürlər, izləyirlər, beynimdən fikirləri oğurlayırlar, fikirlər daxil edirlər, fikirlərimə təsir edirlər, qulağıma səslər gəlir” kimi ifadələr işlədirlər. Şizoferniyanın yaranmasının psixoloji və sosial səbəbləri var”.

Həkim bildirib ki, şizofreniyanın irsən keçməsi mümkündür:

“Bu xətəlik valideyinlərdən birində varsa 10%, hər iki valideyində varsa 40-45%-ə qədər övlada keçmə ehtimalı var. Əgər bacıda yaxud qardaşda varsa, bu ehtimal 10-40% arasında dəyişir. Ən böyük risk isə  eyni yumurta əkizlərindədir. Əkizlərdən biri şizofreniyadırsa, o biri də 80-90% elədir. Bu xəstəliyə hər iki cinsdə eyni dərəcədə rast gəlinir. Sadəcə qadın kişi arasında müəyyən fərqlər var. Xəstəlik kişilərdə daha çox 15-25 yaş arası, qadınlarda 25-35 yaş arası yaranır.  Bu fərdlər uzun müddət cəmiyyətdən aralı qalırlar və insanlarla ünsiyyət qurmurlar. Xəstəliyin ağır formasında şok terapiyası, narkoz altında müəyyən elektrik cəryanı verilir. Müxtəlif müalicə üsulları var. Daha çox istifadə olunan psixoterapiya dərmanıdır”.

Orxan bəy, xəstələrin daşıdığı təhlükə halları barədə də məlumat verib:

“Bu xəstələrin heç bir təhlükəsi yoxdur. Xəstəliyin kəskinləşdiyi dövürdə sayıqlamaları kiməsə qarşı yönələ bilər. Məsələn deyə bilər ki, məni izləyən filankəsdir. O adamlara qarşı müəyyən zərər yetirə bilərlər, amma ümumilikdə bu xəstələrin heç bir təhlükəsi yoxdur”.