Paylaş

Hal hazırda bütün dünyada sonsuzluq problemi ən böyük problemlərdən biri sayılır.

İnsanların əksəriyyəti sonsuzluqdan söhbət düşükdə bunu ilk növbədə qadının sağlamlığında olan hər hansı problemlə əlaqələndirir. Lakin bu səhv fikirdir. Müasir dövrdə kişi sonsuzluğu da qadın sonsuzluğu kimi çox yayılmış problemdir.

Kişi sonsuzluğu ilə bağlı bir çox “rəvayətlər” var. Bu yanılmaları sizə təqdim etmək istərdik.

– Sonsuzluq problemi varsa, ilk növbədə qadını müayinə və müalicə etmək lazımdır. Heç nə alınmazsa, onda kişi həkimə getməlidir. Bu səhv yanaşmadır. Həm qadın, həm də kişi eyni zamanda müayinədən keçməli və müalicə almalıdır. Bu halda nəticə daha uğurlu olacaq.

– Kişi cavandırsa, onda sonsuzluq ola bilməz. Sonsuzluğa yalnız yaşı çox olan kişilərdə təsadüf edilir. Bu da səhv fikirdir. Bəli, kişinin yaşı artdıqca onun cinsiyyət sistemində  pozulmaların inkişafının riski də artır. Bu pozulmalar isə sonsuzluğa səbəb ola bilər. Lakin bu heç də o demək deyil ki, cavan kişi sonsuzluqdan sığortalanıb. İlk növbədə bəzi anadangəlmə pozulmalar və patologiyalar sonsuzluğa səbəb olur. Bu pozulmalar haqqında kişi özü müəyyən vaxta kimi bixabər ola bilər.

Əgər kişi uşaqlıqda tez-tez və ağır xəstələnirdisə, xüsusilə də bəzi infeksion xəstəlikləri ağır şəkildə keçirdibsə (ilk növbədə parotit – “qulaq dibi”), bu gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər. Əgər kişi uşaq vaxtı tez-tez qasıq nahiyəsi travmaları alırdı, tez-tez soyuqlayırdı, pis qidalanırdı və s., bu da gələcəkdə problemlərə səbəb ola bilər.

Beləliklə, kişinin yaşı sonsuzluqla birbaşa bağlı deyil.

Bu qadınlarda daha aktual problemdir. Belə ki, kişilərdə spermatozoidlərin “istehsalı” hətta 70 yaşına kimi davam edə bilər. Lakin qadınların yumurtalıqlarında yumurta hüceyrələrinin yetişməsi yalnız 45-50 yaşına kimi mümkündür. Daha sonra qadının orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, o, artıq dolyaratma qabiliyyətini itirir.

– Kişilərdə sonsuzluğun əsas səbəbi “pis” xəstəliklərdir. Bu da yanlış fikirdir. Əslində vaxtında müalicə olunmuş “pis” (zöhrəvi) xəstəliklər sonsuzluğa səbəb olmur. Düzgün və ya vaxtında müalicə olunmamış belə xəstəliklər xroniki fazaya keçərək kişinin cinsiyyət sistemində xroniki iltihabların səbəbi olur. Bu iltihablar isə sonsuzluğun inkişafına səbəb ola bilər.

Lakin belə iltihabların səbəbi tək “pis” xəstəliklər deyil – uzunmüddətli soyuqlamalar, digər mikroblar və infeksiyalar (stafilokokk, streptokokk, göbələk infeksiyası və s.) və s. ola bilər.

– Əgər kişidə əvvəlki nigahda və ya nigahdan kənar uşaq varsa, sonsuzluğun problemi kişinin sağlamlığında deyil. Bu da yanılmadır.

Sonsuzluq sonradan da müxtəlif səbəblərə görə inkişaf edə bilər. Bu qazanılmış (ikincili) sonsuzluqdur. Bu hal həm kişilərdə, həm də qadınlarda mümkündür. Belə pozulmaya ilkin sonsuzluqla müqayisədə daha az-az təsadüf edilir.