Paylaş

Səhər-səhər kibrit qutusu ölçüsündə pendir, kilometrlərlə qaçış, günorta yağsız salat, saatlarla idman, axşam heç bir şey yemədən yenidən qaçış… Bu cür proqram çox qısa zamanda sizi arıqlada bilər. Bəs sonra? Nəzərə alın ki, arıqlayan zaman ruh və bədən sağlamlığına diqqət etmək lazımdır. Kishi.az Ailə.lent.az-a istinadən qidalanma və pəhriz məsləhətlərini təqdim edir.

Sağlam arıqlamağın sirri maddələr mübadiləsini sürətləndirən balanslı qidalanma və bunu dəstəkləyən idman proqramı olmalıdır. Əks təqdirdə bədən mənfi təsirlərə məruz qalır, hətta sağlamlıq əldən gedir.

Sürətli arıqladıqda bədəndə nələr baş verir?

Şüursuzca edilən aşağı kalorili qeyri-sağlam arıqlama pəhrizi baş ağrısı, diqqət pozğunluğu, yorğunluq, ürək ritmində zəiflik, təzyiqin düşməsi, menstruasiya nizamsızlığı, qəbzlik, qansızlıq, dəridə quruluq, saç tökülməsi kimi bir çox problemlərə səbəb ola bilər.

Arıqlama və çəkiyə nəzarət ancaq balanslı qidalanma proqramı ilə aparılmalıdır. Qısa zamanda arıqladan qarışımlar sidikqovucu, laksatif (bağırsaq boşaldıcı) xüsusiyyətlərə malikdir. Bunun nəticəsində çəki aşağı kalori göstərməsinə baxmayaraq, itirilən yağ deyil, su olur. Pəhriz saxlayan insan bədənindəki su ilə birlikdə mineralları da itirir. Misal üçün, itirilən natrium/kalium tarazlığın pozulmasına, ürək əzələlərinin mənfi təsirlənməsinə səbəb olur. Aşağı kalori qəbulunun nəticəsində bədən müqavimətdən düşür, əzələ itkisinə uğrayır, yüksək protein pəhriz ketoz kimi böyrək funksiyalarına zərər verir, ani şəkər və təzyiq düşməsi kimi problemlərin yaranması ölümlə nəticələnəcək riskə yol açır. İnsanların kor-koranə qulaqdan alınan məlumatları və ya dostlarının saxladıqları pəhrizi özlərinə tətbiq etmək nəticəsində dəfələrlə kilo alıb-vermək maddələr mübadiləsini zəiflədir. Bu isə atılan kiloların artıqlaması ilə geri qaytarılmasına səbəb olur.

Sürətli arıqlama fiziki baxımdan mənfi nəticələr yaradar. Üzdə çöküntü, bədəndə sallanma bunlara misaldır. Gənclərin arıqlamağı vərdiş halına gətirmələri isə qidalanma pozğunluğu yaradaraq, ciddi psixoloji (anoreksiya nevroza və ya bulumiya) problemlərə yol aça bilər.  Bundan başqa, həddən çox kilolu insanların yetərincə karbohidrat, protein, yağ, vitamin və minerallardan məhrum olması, aşağı kolorili qidalanması, ağır məşqlər etməsi sağlamlıq baxımından ciddi risklər yaradır. Xüsusən ailəsində ürəklə bağlı problemləri olan insanların bu cür risklərdən uzaq olması məsləhətdir.

Tez və asan arıqlamağın bir yolu yoxdur. Ancaq hər fərdin özünə uyğun qidalanma proqramı və professional bir köməklə çəkinin qaydaya salınması mümkündür. Bunun üçün də xüsusən çəkinin artmasına səbəb olan səhhətlə bağlı problemi aradan qaldırmaq lazımdır. Bu məqamlar diqqətdə saxlanılmadan bəzi müvəqqəti uğurlar əldə edilsə belə, təsirli və qalıcı nəticələr əldə edilmir. Arıqlamaq müəyyən bir prosesdir, bu proses vaxt, əzm, iradə, səbr, nizam-intizam, dayanıqlılıq tələb edir. Artıq çəkisi olanlar xüsusən bunları nəzərə almalıdırlar.