Paylaş

Yemək bişirmək, mətbəx məharəti əsasən xanımlara xas olan işlər hesab edilir. Amma dünyaca məhşur olan, bişirdiyi yeməklərin dadından doyulmayan kişi aşpazlar da var. Elə Azərbaycanda da həmçinin…

Bəzən ekstremal situasiyalara düşəndə, tək qalanda kimliyimizdən asılı olmayaraq hər birimiz
vəziyyətdən çıxmaq üçün özümüzə nələrsə hazırlamaq məzburiyyətində qalırıq. Bu zaman hərənin əl qabiliyyəti bir cür olur. Kimdəsə alınır, kimdəsə yox…

Kishi Magazine xəbər verir ki, Modern.az saytı istirahət mövsümünün olduğunu nəzərə alaraq, maraqlı sorğu keçirib. Sorğunun mövzusu biş-düşlə bağlıdır. Tanınmış kişilər arasında yaxşı yemək bişirmək qabiliyyəti olanlar varmı? Nə bişirə bilirsiniz?

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov:

“Mən tələbəlik illərində yataqxana həyatı yaşamışam. Ona görə də istənilən yeməyi hələ  o zamanlardan bişirməyi öyrənmişəm. Əsasən ət, tərəvəz, toyuq və balıq yeməklərini bişirməyi xoşlayıram”.

İqtisadçı Vüqar Bayramov:

“Mən xaricdə təhsil aldığım üçün yemək bişirmək məcburiyyətində qalmışam və biş-düş işlərini öyrənə bilmişəm. Amma etiraf edim ki, milli yeməklərimizi, xüsusən dolma və plovu bişirə bilmirəm. Daha çox sadə yeməkləri, məsələn kartof və ya pomidor qızartması kimi yeməkləri bişirməyi bacarıram. Təzə salat hazırlaya bilirəm və xoşlayıram”.

Jurnalist Qulu Məhərrəmli:

“Mən uşaqlıqdan sərbəst böyümüşəm. Tələbəlik illərində yataqxanada yaşamışam, subay vaxtı yəməklə bağlı məsələləri özüm həll etməyə çalışmışam. Ona görə yemək bişirmək işində müəyyən vərdişlərim var. Dolma və plov kimi mürəkkəb xörəklərlə işim yoxdur. Amma sadə, bir də çöl yeməklərində heç bir problemim yoxdur. Hətta kabab, çoban basdırması və xüsusi reseptlə hazırlaya bildiyim buğlama haqqında “yaxşı bişirirəm” ifadəsini də işlətmək istərdim”.

“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev:

“Yeməklərdən şorba, sous, plov, makaron, daha ürəyiniz nə istəsə bişirə bilirəm. Deyilənə görə sousu çox dadlı bişirirəm. Xüsusilə bazar günləri səhər yeməyini tək özüm hazırlamağı daha çox xoşlayıram”.