Paylaş

“Hər insan əslində tatu elətdirmir. Bir sıra insanlar var ki, onların psixoloji durumunda olan hansısa gərginliklər, həyatdan tam qane olmamaları onları tatuaj elətdirməyə vadar edir”.

Bu fikirləri  həkim-dermatoloq Həmid Mustafayev bildirib. O tatuaj etdirməyin zərərlərindən də danışıb:

“Tatuajla bədənə yeridilən maddələr-rəngləyici vasitələr yad maddədir və nə vaxtsa orqanizmdə onun fəsadları ola bilər. Bir sıra hallarda, dərilərdə hipertrofiya olur, ondan sonra da hüceyrə pozuntusu formasında dəri xərçəngi əmələ gələ bilər. Eyni zamanda tatuaj zamanı insanlar infeksiyaya yoluxa bilərlər. Orada gigiyenik qaydalara riayət olunmaması nəticəsində hepatit, sifilis və başqa qanla keçən xəstəliklərinə yoluxma mümkündür. Bir müddət keçdikdən sonra insan tatuaja baxaraq orada hansısa qüsurları axtarır və ya bu artıq öz mənasını itirir. Buna görə də, insanlar kompleksə düşməyə başlayırlar. Bundan can qurtarmaq üçün yenidən həkimlərə müraciət edib lazer və ya digər vasitələrlə onları sildirməyə çalışırlar. Bunu sildirdikdən sonra da dəridə ikinci bir çapıq deffektləri əmələ gələ, gelloid xəstəliyi yarana bilər. Bu da bir fəsaddır”.

Həmid bəy müsahibə zamanı onu da qeyd edib ki, o tatuaj olunmasının tam əleyhinədir:

“Mən nəinki uşaqlara, eyni zamanda böyüklərə də bunu məsləhət görmürəm. Uşaqların bu işlərə cəlb olunması onların gələcəkdə formlaşmasına mənfi təsir göstərə bilər. Tatuaj etdirən uşaqlar gələcəkdə hərbi xidmətdə olarkən müəyyən təsirlərlə qarşılaşa bilərlər. Eyni zamanda, bir sıra dövlət qurumları var ki, bədənində döymə olan insanları işə almır. Bu onların gələcək kariyeralarında özünü göstərə bilər. Bu mənim yanaşmamdır”.

GSR.fm