Paylaş

Görəsən, nə alım? Səyahət zamanı çoxlarını düşündürən sual budur. Kim isə ölkəni əks etdirən suvernirlə kifayətlənir, kim isə “Bəlkə heç bir də bura gəlmədim” deyib, böyük alış-verişlərə üz tutur. Xüsusilə də xanımlar.

Mənim də bu dəfəki səfərim Qafqaz regionunda turistlərin sıxlığı ilə fərqlənən Tbilisi şəhərinə oldu. Tbilisiyə ilk səfərimdə sizə şəhərin mərkəzi prospekti sayılan Rustavelidəki geyim və akssesuar mağazalarından xəbər vermişdim. Bu dəfə isə Marcanaşvili metrosunun yaxınlığında yerləşən Ağmaşanabeli küçəsindəki keyfiyyətli və sərfəli “şoppinq”dən danışacağam. Mənimlə virtual olaraq alış-veriş etməyə hazırsınızsa, başlayaq.

İlk olaraq deyim ki, Ağmaşanabeli Tbilisinin qaynar nöqtələrindən biridir. Burada axtardığınız çox şeyi tapa bilərsiniz. İstər mağazalar olsun, istərsə də kiçik kafe və restoranlar.

Hər tərəfə böyük maraqla baxa-baxa gəlib çıxıram kiçik New Yorka. Daha dəqiq desəm “Skyler new york”a. Bu ayaqqabı və çanta mağazası diqqətimi adıyla çəkib desəm, yalan olmaz. Elə içəri daxil olanda gördüyüm gözəlliklər ikiqat marağımı artırdı.

Foto-SKYLER--final (1) Qiymətləri 30 laridən başlayaraq 100-120 lariyə qədər davam edən bu mağazada istədiyiniz üslubda ayaqqabları sərfəli qiymətə əldə edə bilərsiniz. Mən Tbilisidə olduğum müddətdə demək olar ki, çox az mağazada endirimə rast gəldim. Onlardan biri elə bura oldu. Nəinki endirim, eyni zamanda maraqlı kampaniyaya rast gəldim. Deməli, payız çəkməsi (yarım-botinka) ilə idman ayaqqabısı və 2 cüt baletka adlandırdığımız ayaqqabı cəmi 100 lariyə. Azərbaycan manatı ilə desək təqribi 43 AZN. Bəli, inanılmaz və çox sərfəli. Bu mağaza Rustavelli prospektində də sizin qarşınıza çıxacaq. Onu da qeyd edim ki, “Skyler new york”a dünyanın cəmi 3 nöqtəsində rast gələ bilərsiniz. Təbii olaraq New Yorkda, Çində və söhbət açdığımız Tbilisidə. Sözümün canı ondadır ki, buradan alacağınız ayaqqabı yaxud çantadan çətin ki, başqalarında görə biləsiniz. Bunun üçün gərək ya New Yorka gedəsiniz, ya da Çinə.

IMG_1598

Mağazadan çıxıb çox da uzağa getmirəm. Qarşıma ikimərtəbəli “Terranova” mağazası çıxır. Tbilisidə gördüyüm ən iri mağazadır deyə bilərəm. Rahatdır, çünki həm qadın, həm kişi, həm də uşaq paltarları bir aradadır. Qiymətlər də çox baha deyil. Əgər endirim vaxtına düşsəniz, böyük alış-veriş etmək imkanınız olacaq.

IMG_1573

Mən də dostlarımla birgə bir neçə məhsul aldım. Tbilisidə payız fəslinin gözəl keçdiyini eşitmişdim, bu gözəlliyin geyimlərdə də əksinin şahidi oldum. Nəinki payız, qış fəsli üçün də bir az “tədarük” gördüm. Aldığım papağı o qədər bəyəndim ki, axırıncı dəfə qışı belə səbrsizliklə gözlədiyim yadıma gəlmir. Ailəniz və övladlarınızı sevindirmək üçün mütləq bu mağazaya üz tutun.

IMG_1553

IMG_1541

Artıq razı halda, əlim bağlamalarla dolu “Malls” mağazasına rast gəlirəm. Daha doğrusu vitrində iri endirim yazısı diqqətimi çəkir. Kiçik, amma keyfiyyətli geyimləri olan mağazadır. Məncə, klassik üslubu sevənlər mütləq bura baş çəksinlər. Rəngli və sərfəli qiymətə olan pencəklər, köynəklər əsl iş adamı imici yaradacaq. Klassik üslubu çox da sevmədiyim üçün tərzimə uyğun geyim tapa bilmədim. Ancaq nəzərimdə saxladım. Gələn səfərlərimdə mütləq yenidən baş çəkməyi düşünürəm.

IMG_1623

IMG_1612-esas

Küçə ancaq bu mağazalarla kifayətlənmir. Siz həmçinin burada  “Vogg”, “Baldi”  kimi ayaqqabı mağazalarına da rast gələ bilərsiniz. Qeyd edim ki, “Baldi” haqqında Rustaveli prospektindəki mağazalardan danışanda söhbət açmışdım. Əgər maraqlı olsa, yazıya nəzər yetirməyinizi məsləhət görürəm.

Məndən bu qədər. Əminəm ki, bir gün yolunuz mütləq Tbilisidən keçəcək. Bax onda mənim yazdıqlarımdan fayadalanmağı unutmayın. Səfərləriniz bol, cibiniz dolu olsun!

Hazırladı:

Rəna Hüseynova