Paylaş

Tbilisi istirahət etmək üçün çox gözəl şəhərdir. Elə buna görə də mən keçən gün həm Tbilisidə istirahət etdim, həm də şəhərin gəzməli-görməli yerləri ilə tanış oldum.

İlk olaraq şəhərin mərkəzində – Köhnə Tbilisi adlanan ərazidə yerləşən Heydər Əliyev parkına baş çəkdim. Parkda Heydər Əliyevin qranitdən hazırlanan dörd metr hündürlüyündə büstü ucaldılıb. Sol tərəfdə axan Kür çayı isə parkın mənzərəsini daha da zənginləşdirir.

1heyder parekilogo

Parkdan çıxıb Tbilisinin digər yerlərini görmək üçün yola düşürəm. Parkın sağında uzanan qədimi hamamların yanı ilə irəliləyirəm. Qeyd edim ki, bu hamamlardan biri rus şairi Aleksandr Puşkinin adınadır. 1829-cu ildə Puşkin həmin hamamın otaqlarının birində yuyunduğu üçün onun şərəfinə adlandırıblar.

2pushkin-hamaminlogo

Yolun sonunda kiçik bir şəlaləyə rast gəlirəm. Bura həqiqətən də şəhərin sıxlığından uzaqlaşmaq üçün sərin və rahat məkana oxşayır. Hər tərəfi yaşıllıq və tarixilik bəzəyirdi.

3selalelogo

Gəzintim xristianların müqəddəs gününə (bazar günü) təsadüf etdiyindən şəlalənin ətrafında evlənən cütlüklər nəzərə çarpırdı. Onlar şəlalənin yaxınlığında yerləşən kiçik körpüyə gəlib, sevgilərinin nişanı kimi qıfıl bağlayıb, əhd edirdilər.

4sevgikorpisulogo

Tbilisiyə qədər gəlib Müqəddəs Sameba kilsəsini ziyarət etməmək olmaz deyib, yollanıram kilsənin yerləşdiyi əraziyə. Böyüklüyünə görə  Avropada birinci,  dünyada isə üçüncü yeri tutan bu möhtəşəm tikilinin  inşasına 1995-ci ildə başlanılıb. Kilsənin hündürlüyü 84 metrdir. Burada eyni vaxtda 15 min insan  ibadət edə bilər.  Nəhayət, gəlib məşhur Sameba kilsəsinə çatıram. Kilsə müqəddəs İliya təpəsində, Kürün sol sahilində yerləşir. Tikili o qədər böyükdür ki, çətinliklə obyektivimə sığışdıra bilirəm. Kilsənin içərisi də çölü qədər möhtəşəm idi. Hündür tavan, geniş zallar. İbadət üçün aşağı mərtəbələrdə olan otaqlar, şam yandırıb, dua edən çox sayda insan. Bütün bunlar Gürcüstan vətəndaşlarının dini inancının gücündən xəbər verirdi. Yerli əhali qədər turistlər də bu məkana maraq göstərirdi. Çünki Sameba həm də, Tbilisinin simvolu hesab olunur.

5samebalogo

Gəzə-gəzə Tavisupleva yəni, Azadlıq meydanına gəlib çıxıram. Buranı sovet dövründə Lenin meydanı  adlandırıblar. Meydanın mərkəzində möhtəşəm bir sütun üzərində Müqəddəs Georgenin qızıldan hazırlanmış heykəli ucaldılıb. O, IV əsrdə yaşayıb və xristianlığı qəbul etdiyinə görə imperator Diokletan tərəfindən işgəncələrə məruz qalıb. Rəvayətə görə, səkkiz günlük işgəncədən sonra imperator Georgenin yanına gəlib onun ölmədiyini görür. Ağır işgəncələrdən sonra belə dinindən dönmədiyi üçün imperator Georgenin boynunu vurdurur. Gürcülər Müqəddəs Georginin onları şər və qara qüvvələrdən qoruduğuna, eyni zamanda bol məhsuldarlıq bəxş etdiyinə və ovda uğur gətirdiyinə inanırlar.

6azadliq meydanilogo

Artıq şəhərin məşhur prospektlərindən biri olan Rustavellidəyəm. Prospekt boyunca Parlament binası, Gürcüstanın Milli Muzeyi, Opera və Balet binası, teatrlar və otellər var. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu bina da bu prospektə yerləşir. Binanı ziyarət edirəm. Hazırda Tiflis Milli Gənclər Sarayı adlanan bu tikilinin iki əsrdən artıq yaşı var. Onu XIX əsrin əvvəllərində inşa ediblər  və bir neçə dəfə yenidənqurma işləri aparılıb.

7rustavellilogo

Tbilisi Kür çayı sahilində yerləşdiyinə görə şəhərdə  diqqətçəkən yerlərdən biri də körpülərdir.  Onlardan  ən məşhuru isə şüşəli – “Sülh körpüsü”dür. Körpü “Like” parkı ilə II İrakli küçəsinin kəsişməsində yerləşir.

sülh korpusulogo2010-cu ildə şüşədən  və poladdan hazırlanan, uzunluğu 150 metr olan körpünün qarşısında kanat var. Kanat Sololaki adlanan yüksəkliyə aparır. Mən də kanata minməyi unutmuram. Kanat müəyyən vaxt müddətində fasilələrlə işləyir. Kanata minmək üçün kart almaq lazım idi. Kartın qiyməti iki lari, gediş isə bir lari idi. Kanatdan aşağı baxanda Tbilisinin ecazkar mənzərəsini yuxarıdan izləmək imkanım olur.  Kanatdan enib, şəhəri doya-doya izləyirəm. Buradan baxanda elə bilirsən ki, bütün şəhər ayaqlarının altındadır.

IMG_0702klogo

Sololakidə diqqətimi ilk çəkən Gürcüstana xristianlığı gətirən qadının dəmirdən hazırlanan ağ rəngdəki heykəli olur. Bu qadını –“Gürcüstanın anası” adlandırırlar. Heykəl bir əlində qılınc, digərində isə şərab saxlayır. Bunun bir mənası olduğunu soruşduğumda isə yaşlı bir kişi – biz dostları şərab, düşmənləri isə qılıncla qarşılayırıq – deyə cavab verir.

Nəbatət bağında salınan müsəlman qəbirstanlığı da bu yüksəklikdə yerləşir. Qəbirstanlıqda M.F.Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Eynəli bəy Sultanov və Azərbaycanın digər görkəmli ədəbiyyat, mədəniyyət, elm və ictimai-siyasi xadimlərinin məzarları var. Tariximizdə dərin iz qoyan bu şəxslərin məzarlarını ziyarət etdiyim üçün özümlə qürur duydum.

Tbilisi səfərimin yadda qalan, parlaq məqamlarını sizinlə bölüşdüm. Ümid edirəm ki, yazdıqlarımın Sizə səyahətinizdə köməyi olacaq. Xoş istirahətlər!

Hazırladı:

Zibeydə Məmmədova

Nəcəf Nəcəfli