Paylaş

“Avro-2016”-nın D qrupunun daha bir oyunu Türkiyə və İspaniya arasında keçirilib. Oyunda son Avropa çempionu İspaniya 3:0 hesabı ilə Türkiyəni məğlub edib.

İdman şərhçisi Rövşən Binnətli Türkiyənin oyununu  şərh edib :

“Türkiyə komandasının Avropa çempionatına düşmə xronologiyasına baxsaq, komanda əslində möcüzə nəticəsində bu 24-lüyə düşə bilib. Türkiyə futbolunda uzun müddətdir ki, problemlər yaşanır. Bu problemlər nəticəsində Türkiyə komandası ardıcıl olaraq bir neçə böyük turnirlərdə iştirak edə bilməyib. Sonuncu dəfə iştirak etdiyi böyük turnir 2008-ci il Avropa çempionatı olub.

Ondan sonra 2010-2014-ci il Dünya çempionatında, 2012-ci il Avropa çempionatında da final mərhələsinə vəsiqə qazana bilməyib. Bu gün milli komandanın çıxışı da ölkə futbolunun bir güzgüsüdür. Bu, Türkiyədə futbolun hansı vəziyyətdə olmasını göstərir. Komanda qrupdan son anda möcüzə nəticəsində çıxdı və iştirak hüququ əldə etdi. Amma oyun tərzi, oyun səviyyəsi, komandanın hazırki vəziyyəti göstərirdi ki, bu komandanın uğur qazanacağı haqqında olan fikirlər illuziyadan başqa bir şey deyil və prosesin gedişi də bunu bariz şəkildə göstərdi.

İstər Xorvatiya ilə, istərsə də dünən İspaniya komandası ilə oyunda hər şey aydın ortada idi. Türkiyə komandası bu gün böyük turnirlərdə, çıxışlarda ən zəiflərin sırasındadır və bu da ölkə futbolunda korrupsiyalaşmanın getdikcə dərinləşməsinin nəticəsi və məntiqi yekunudur. Artıq neçə illərdir Türkiyə Futbol Federasiyasında və Türkiyənin Milli Futbolunda gedən antifutbol hərəkətlər həm klub komandaların çıxışlarına ciddi şəkildə təsir göstərib, həm də komandalar ardıcıl olaraq cəzalandırılıb. Üstəlik milli komanda da oyun səviyyəsi bu həddə gəlib çatıb. Bütün bunları biz nəzərdən keçirdikdə komandanın Fransa meydanlarında belə aciz vəziyyətdə olmağını tam məntiqi qarşılamalıyıq. Ölkə futbolunun bu gün real mənzərəsinin açıq-aydın bir göstəricidir. Əgər radikal islahatlar aparılmasa, Türkiyə futbolunda şəffaflıq prinsipləri təmin olunmasa hələ bir müddət komandanın nə klub turnirlərində, nə də milli komanda səviyyəsində olan turnirlərdə çıxışları belə üzücü məğlubiyyətlərlə diqqət çəkəcək”.

GSR.fm