Paylaş

“Türkiyə futbolunda olan problemlər o qədər dərinə işləyib ki, bu komanda böyük turnirlərdə istənilən nəticəni əldə edə bilmir”.

Kishi.az xəbər verir ki, bunu GSR.fm-ə müsahibəsi zamanı Rövşən Binnətli bidirib:

“Müəyyən istisnalarla çempionatda hər hansı nəticənin əldə olunacağına ümidlər çox idi. Çünki, qrup mərhələsindən sonra ən yaxşı 4 klub üçüncüsü də, 1/8 finala vəsiqə qazanır. Belə bir nəticəni əldə etmək ilk baxışda o qədər də problemli görünmürdü. Əfsuslar olsun ki, türk futbolçuları bu vəzifənin öhdəsindən gələ bilmədilər. İndiki halda mütəxəssislərin böyük qismi Xorvatiyanın gücündən bəhs edir. Sözsüz ki, Xorvatiya güclüdür. Bəlkə də komanda ilə ilk görüşdə xorvatların bu qədər güclü olduğu çoxlarına bəlli deyildi. Belə turnirlər o yarışlardandır ki, marafon tipli yarışdır.

Hər şey dəqiq ölçülməlidir. Hər oyunun, hər vurulan qolun əhəmiyyəti var. Bu baxımdan Türkiyə komandası gözəl başa düşürdü ki, Xorvatiya ilə oyundan sonra İspaniya komandası ilə görüşdən nəticə əldə etmək daha çox möcüzəyə bərabər idi. Türkiyə əsas gücünü iki oyuna, Xorvatiya və Çex Respublikası ilə oyuna bölməli idi. Çex Respublikası ilə görüşdə mübarizliyini ortaya qoya bildilər. Amma xorvatlarla start görüşündə bəlkədə heyətin düzgün müəyyənləşdirilməməsi, məşqçinin heyəti düzgün formalaşdırmaması da öz rolunu oynadı. Bütün hallarda komandanın qrupdan çıxmaması bugün Türkiyə futbolunun real mənzərəsinin göstəricisidir. Burada hər hansı təəccüblü heçnə yoxdur”.