Paylaş

Bu gün Türkiyə kubokunun final oyunu keçiriləcək. Həlledici görüşdə “Qalatasaray” və “Fənərbaxça” komandaları üz-üzə gələcək. Oyun haqqında idman şərhçiləri öz fikirlərini  bölüşüb.

İdman şərhçisi Sənan Şəfizadə deyib ki, “Qalatasaray”-“Fənərbaxça” qarşılaşmasına proqnoz vermək çətindir:

“Bu mövsüm komandalar üçün uğurlu alınmadı. Derbidə yaşananları 90 dəqiqə ərzində görə biləcəyik. Bəlkə də oyun 90 dəqiqədən çox olacaq. Mənə görə bu oyunda sevinən tərəf “Galatasaray” olacaq. Niyə görə? Sadəcə olaraq, “Galatasaray”ın bu görüşdə uğur qazanacağına inanırlar. Nəzərə alaq ki, uğursuz mövsümdən sonra komanda heyyətinin bütövlüklə dəyişəcəyi gözlənilir. “Galatasaray”ın oyunçuları bu maçda qalib gəlməklə ismarıc yollaya bilərlər ki, “Biz lazım gələndə toparlana bilirik”.

Digər müsahibimiz idman şərhçisi Rövşən Binnətli bildirib ki, bu oyun hər iki komanda üçün ölüm-dirim mübarizəsidir:

“Bu komandaların hər ikisini təhlil etsək, ikisində də zəif nəticələr var. Ancaq “Fənərbaxça” bu mövsüm üçün böyük sərmayələr qoydu. Oraya çox güclü mütəxəssislər dəvət olundu. Bunların müqabilində, “Fənərbaxça” bu mövsümdə çempion ola bilmədi, amma heç olmasa kuboku almaqla puça çıxan ümidləri sığortalamalıdır. “Qalatasaray” isə bu mövsümdə kuboku qazansa, Avropa Liqasında oynamaq hüququ əldə edəcək. Bu isə o deməkdir ki, “Qalatasaray” cəza borcunu qapaya biləcək. Onu almasa, həmin borc növbəti mövsümə qalacaq. Komanda o cür problemlə üzləşəndə güclü futbolçular orada oynamaq istəmirlər. Məncə, “Fənərbaxça”nın cüzi fərqlə qalib olma şansı daha çoxdur. Amma “Qalatasaray” da dəfələrlə sübut edib ki, zəif komanda ilə olanda belə toparlana bilən komandadır”.

İdman şərhçisi Şəmsəddin Abbasov isə burada bir söz deməyin çətin olduğunu, amma “Qalatasaray”ın qalib gələcəyini deyib.

GSR.fm