Paylaş

“Çox təəssüf ki, Azərbaycanda tütündən istifadə yüksələn xətlə inkişaf edir və tütündən istifadə edənlərin yaşı kiçilir. Azad İstehlakçılar Birliyi bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının bir neçə layihəsini həyata keçirib”.

Bu sözləri 31 may- “Ümumdünya Tütünlə Mübarizə Günü” ilə bağlı  müsahibə verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:

“Özümün də Azərbaycandakı vəziyyətlə bağlı Kanadanın Ottava şəhərində təqdimatım olub. Kanadada şizofreniya xəstələri olan hospitalda şahidi olmuşam ki, siqaret insanı necə vəziyyətə salıb şizofreniya edə bilər. İndiyə qədər fəaliyyət göstərən yeddi filtirsiz tütün fabrikini bağlatdırmışıq. Əhali arasında çox saylı sorğular aparmışıq və məlum olub ki, siqaret çəkənlər ömründə iki dəfə kişi olur: Bir dəfə siqaret çəkməyə başlayanda , bir dəfə də siqareti tərgidəndə. 2001-ci ildə tütün və tütün məhsulları haqqında qanun qəbul olunanda Azad İstehlakçılar Birliyinin sədri olaraq parlamentdə radikal mübarizə apardım ki, tütün məmulatlarının üzərində son yararlılıq müddəti yazılsın. Çünki tütün məmulatlarının saxlanma müddəti bir ildən artıq deyil. 400-dən artıq kimyəvi maddəni özündə birləşdirir. Hətta altı növə yaxın radiyasiyalı tütün məhsulunun Azərbaycandan çıxarılmasına nail olmuşuq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının “Tütün Əleyhinə Çərçivə” konvensiyasına qoşulsa da, çox təəssüf ki Azərbaycan həmin konvensiyanın tələblərinə cavab vermir. Məsələn, konvensiyada göstərilir ki, siqaret qutularının üzərində olan “Səhiyyə Nazirliyi xəbərdarlıq edir” yazısı hər altı aydan bir dəyişməlidir. Dəyişməyəndə insanların gözü alışır, ona əhəmiyyət vermir. Hazırda Azad İstehlakçılar Birliyi Səhiyyə Nazirliyilinin İctimai Sağlamlıq sektoru ilə birgə marketlərdə tütünün reklamının qadağan olunması sahəsində iş aparır. Müstəqil Dövlətlər Birliyi məkanında Azərbaycan az dövlətlərdəndir ki, marketlərə girərkən səni siqaret lövhələri qarşılayır. Düzdür, Rusiyada o cür lövhələr mövcuddur üstü örtülüdür. Bizə məlumatlar çatır ki, tütün reklamını lövhələrə yerləşdirmək üçün 10 min manat pul verirlər. Azərbaycanda tütünün reklamı yayılır, qəzet köşklərində kütləvi tütün satışı olur. “Tütünlə mübarizə günü”ndə istehlakçıları bir mənalı şəkildə tütündən imtina etməyə çağırıram”.

GSR.fm