Paylaş

Yazar Con Oakes deyirdi ki, insanın həyatının ətrini kəşf etməsi  öz eşqini tapması kimi bir şeydir. Qoxuların dilindən anlayan Murad Məsud artıq 11 ildir ki, əttarlıqla məşğuldur.  Müsahibimiz Murad bəy söhbətimizə əttarlıq haqqında məlumat verməklə başlayır:

-Əttar müxtəlif otlardan, bitkilərdən məlhəmlər, dərmanlar hazırlayan insanlara deyilir. Amma bir az da dərindən araşdırdıqda gördüm ki, sırf otlarla, bitkilərlə  bağlı bir şey deyil. Ətirlərlə, yağlarla bağlılığı var. Özüm də bu işin ətirlərlə bağlı  hissəsi ilə məşğulam. Bu sahədə çalışan adamlara “parfümer” də deyirlər. Məncə əttar sözü bu sənəti daha incə, daha gözəl izah edir.

Əttardan bu sənətə marağının necə yarandığını soruşuram…

-Məndə bu sahəyə maraq tam təsadüfi yaranıb. Tələbə vaxtı yaşıdlarım hər hansı dərnəyə gedəndə, idmanla məşğul olanda və yaxud da sadəcə olaraq əyləncə ilə vaxt keçirdiyi bir vaxtda, mən kiçik qablarda ətirlər satmağa başladım. İnsan da hər hansı işlə məşğul olmağa başladıqda  onunla bağlı daha məlumatlı olmaq istəyir. Bundan sonra jurnallar oxudum, ətir mağazalarını gəzdim. İndiyə qədər də öyrənirəm, araşdırıram. Özümə əttar deyirəm, amma bu, özümü tanıtmaq üçündür. Hazırda əttarlıqla yanaşı tamamilə başqa sahədə çalışıram. Sözün açığı digər işim mənə  imkan verir ki, ətirə alver kimi yanaşmayım. Bizdə belə bir kurs yoxdur, gedib iştirak edəsən. Ola bilsin irəlidə öyrənmək istəyənlərə tam olaraq kurs kimi olmasa da,  sadəcə istiqamət verməyə çalışaram.

ettar2“Əttar qoxunu sözlə təsvir etməyi bacarmalıdır”

Hər kəs əttar ola bilərmi? Yoxsa bunun üçün hər hansı  xüsusi  qabiliyyət olmalıdır?

-Əvvəlcə deyim ki, bu işə sadəcə gəlir mənbəyi kimi baxılmamalıdır. Əttarlığa incəsənət, yaradıcılıq və bunlarla yanaşı ticarət kimi baxmaq lazımdır. Əttar olmaq üçün sizi digərindən fərqləndirən burnunuz,  yəni qoxunu daha yaxşı hissetmə qabiliyyətiniz olmalıdır. Bu da fitri olan istedaddır. Amma zamanla bu da  inkişaf etdirilməlidir. Çalışdıqca qoxu duyma reseptorlarının fəaliyyəti aktivləşir. Bunlarla yanaşı siz həm də satış etmək istəyirsinizsə, bunun üçün sizdə qoxuları təsvir etmək üçün söz bazası  olmalıdır.

Məsələn,  rəssam gördüyünü biz də görürük, lakin o öz rəsmi ilə bunu daha gözəl təsvir edir. Əttar da qoxunu sözlə qarşısındakına təsvir etməyi bacarmalıdır. Bunun üçün çox oxumaq lazımdır, bəlağət olmalıdır ki, siz onu çatdıra biləsiniz.  Qoxu elə bir duyğudur ki, hər bir qoxu üçün beyində ayrıca yaddaş yaranır. Bu o deməkdir ki, siz bir qoxunu qoxlayıb adını yadınızda saxlamasanız belə,  o qoxu sizin yaddaşınızda qalır, itmir.

Müsahibimdən hər insana uyğun ətirləri necə hazırladığını, bu işin texnikası haqqında maraqlanıram:

-Hazırda bizdə xammal olan  esanslar (limon, berqamont və.s qoxusu) yoxdur. Bunun üçün laboratoriya, lisenziya lazımdır. Əgər müştəriyə individual ətir hazırlanırsa, ayrı-ayrı notlar götürülür. Tutaq ki, vanil, darçın qoxusu toplanır, yeni bir şey hazırlanır. Başqa bir üslubda var ki, iki, üç sayda ətri götürüb qarışdıraraq, yeni  ətir alırıq. Əgər ətir  indivual olaraq hazırlanırsa, müştərini  az da olsa, tanımaq lazımdır. Bu cür sifarişlər adətən sosial şəbəkələrdən gəlir. Orada da insanları tanımaq elə də çətin deyil. Bəzən müştəriyə uyğun olan ətri hazırlmaq üçün ona müəyyən suallar vermək lazım gəlir. Bu da bizim cəmiyyət üçün məhrəm suallar hesab olunur. Müştərilər olur ki, o suallara cavab verməkdən çəkinir yaxud yalnış cavab verir. Amma elələri də var ki, mənim bunu iş üçün soruşduğumu bilir və  çəkinmədən cavablayır.

ettar7Dünyada çox sayda ətirlər var. Lakin ətir qoxularının əksəriyyəti bir-birinə bənzəyir. Bu nədən irəli gəlir?

-Bunun bir neçə səbəbləri ola bilər. Birinci səbəbi odur ki, ətirlərin tərkibində olan əsas notlar eynidir. Ətirlərin böyük əksəriyyətində sintetik müşkdən  istifadə olunur. İkinci bir səbəb o ola bilər ki, istehlakçıların zövqünə görə yeni bir şeylər icad eləməyə ehtiyac görmürlər. Çünki yeni ətir hazırlamaq üçün yeni tərkiblər tapmaq, təcrübələr aparmaq  lazımdır.

Yeri gəlmişkən deyim ki, hazırda insanlar qoxuya yox onun qabına, brendin adına, haradan aldıqlarına fikir verirlər. İnsanlara ətir haqqında məlumat verəndə onlar ilk növbədə onun qiymətini soruşurlar. Yəni, “Bu ətrin qoxusu necədir?”, “Bu ətirdən kim istifadə edib?”, “Nəticə necə olub?” və s. kimi suallarla maraqlanan yoxdur. Elə bu səbəbdən də yeni qoxular kəşf edən olmur. Məsələn, insanlar rusiyalı bloqerlərdən məlumatları oxuyurlar, baxırlar ki, oradakı adamlar filan ətri daha çox sevir və bunun haqqında yaxşı rəy bildiriblər. Gəlib o ətri məndən soruşurlar, bilirsən ki, bu ətir buranın bazarında yoxdur. Buna misal olaraq tərkibində hil olan ətri götürək. Bu ətrin tərkibi hildən ibarətdir. Qiyməti 1500 manatdır. O hil ki, onu heç olmasa ildə bir dəfə şəkərburada yeyirik. (Gülür) Yəni, bizdə hil qoxusu elə də qeyri-adi bir şey deyil. Amma Avropada bu qoxunu sevirlər. Çünki onlar hilin nə olduğunu bilmirlər. Yəni siz hil qoxusunu 1500 manata gətirib burada satsanız heç bir nəticə verməyəcək.

ettar6“İlk 10-15-ci  dəqiqədə gələn qoxu aldadıcı olur”

Musiqidə olduğu kimi ətriyyatda da notlar var. Bəs ətirdə notlar hansı mənanı izah edir?

-Bəzi mənbələrdə qeyd edirlər ki, ətirdə notlar elə musiqidən qaynaqlanır. Ətirlər adətən üç notdan ibarət olur. Ətri vurduqda ilkin 10-15 dəqiqə duyulan qoxu üst notlardır. İkinci notun iki-üç saat qalıcılığı olur. Sona isə əsas not qalır. Əsas not digərlərini tutub saxlamaq üçündür. Onu daha qalıcı tərkiblərdən hazırlayırlar ki, ətrin ömrü uzansın. Bunun üçün çox vaxt  müşk, ud, sandaldan istifadə olunur. Əsas notlara heyvani notlar da deyirlər. Müşkün özü heyvani notdur. Onlar heyvanların müəyyən ifrazatlarından, hər hansı hissələrindən alınır. Hazırda onların hamısının sintetik versiyalarından istifadə olunur. Əsas not sona qalandır, ətrin özəyini təşkil edir. Buradan o nəticə çıxır ki, ətir alərkən tələsmək lazım deyil. İlk 10-15-ci  dəqiqədə gələn qoxu aldadıcı olur.

“Ətir ehtiyac deyil, sadəcə arzudur”  deyir bir ətriyyatçı. Sizcə bu gün insanlar ətirdən sadəcə arzuladıqları zaman istifadə edirlər yoxsa ehtiyac halına gətiriblər?

-İndi fərqli qoxular sifariş edən müştərilər, sırf özlərinin o ətirdən xoşhal olmağını istəyən çox azdır. Digər insanlar sadəcə olaraq “mən ətir vurmuşam” demək üçün ətirdən istifadə edirlər.  Yaxud da vərdiş halına gətiriblər. Onlar üçün nə vurduğu önəmli deyil.

“Düşünürlər ki, ətri çox vursalar, çox qalacaq”

İnsanların ətirlərlə bağlı hansı doğru bildiyi yalnışlar var?

-Bu işlə məşğul olmağa başlayanda insanlar soruşurdular ki, bu dini ətirdirmi? Bu yalnış sualdır. İbadətlə məşğul olan insanlar hər hansı bir ətirdən istifadə edirsə, bu o demək deyil ki, o dini ətirdir. Sadəcə bəzi ətirlər var ki, onlardan daha çox dindar olan şəxslər istifadə edir.

Bundan başqa ətrin qalıcılıq müddəti ilə bağlı doğru bilinən yalnışlar var. Düşünürlər ki, ətri çox vursalar, çox qalacaq. Ətri qulaq  arxasına vurmaq düzgün deyil. Araşdırmalar göstərir ki, insanın özünəməxsus qoxusu olur.

Daha bir doğru bilinən yalnış isə ətirləri kişi və qadın ətirlərinə bölməkdir. Bu çox böyük yalnışlıqdır. İlk zamanlar bu bölünməsə də, sonralar ətrin qabına forma verməklə fərqləndiriblər. Ətri saça vurmaq  həm doğru, həm də yalnış fikirdir. Çünki onu saça vuranda həm qalıcı olur, həm də yaxşı yayılır. Amma tərkibində olan bəzi məhlullar saça zərər vura bilər. Əgər qoxunun qalıcı olmasını istəyirsinizsə, ətirlə yanaşı başqa qoxulardan (krem, şampun), tərin qarşısını alan vasitələrdən istifadə etməyin. Bundan başqa ətri geyimə sıxa bilərsiniz, amma notları oynamayacaq.

Bəs müştərilərə ətirlərin qadın və kişi üçün olaraq bölünmədiyini  necə izah edirsiniz?

-Mən artıq izah etmirəm. Çünki artıq əminəm ki, qadınların böyük əksəriyyəti qadın ətirləri kimi tanınan ətirləri sevmirlər. Onların çoxunun tərkibində gül qoxusu olur. Ola bilsin qadınlarımız artıq bu qoxulardan yorulublar. Onlar daha çox kişi ətirlərini bəyənirlər. Aldıqlarına tam əmin olduqdan sonra deyirəm ki, bu, kişi ətridir. Açığı onlara da xoş olur. Bəzi ətirlər var ki, bir vaxtlar bizdə onu daha çox qadınlar istifadə edib. İndi kişilərin ən sevimli ətrinə çevrilib. Əslində ətrin adı olmasa, sadə şüşədə olsa və onu təklif etsəniz, bəyənib alırlar. Amma  vizual görüntü onları aldada bilir.

ettar3“Bir az ətirlərin nazı ilə oynayın”

Necə deyərlər ətir bilicisi,  ətir  alarkən diqqət etməli olduğumuz məqamlara da toxunur:

-Ətir aldığınız yerdə mütəmadi olaraq havaya ətir püskürdülür. Nə qədər yaxşı havalandırma olsa da, molekullar orada asılı qalır. Orada sizin ətir seçməyiniz bir az çətin məsələdir. Ətir almağa səhər getmək daha yaxşıdır. Çünki günün ikinci yarısına doğru burun yorulur. Ətir alarkən ən çox üç-dörddən artıq qoxunu yoxlamasınlar. 10-15 ətri yoxlayanda artıq bütün qoxular eyni gəlir.

Əvvəlcədən ətri araşdırıb, sonra almaq lazımdır. Bir də mümkündürsə, öz dərinizə vurun ki, prosesin necə getdiyindən xəbərdar olasınız. Tələsmək nəyə lazımdır? Siz buna müəyyən bir məbləğ verirsiniz ki, bir-iki ay istifadə edə biləsiniz. Bir az ətirlərin nazı ilə oynayın. Sonra o da sizin nazınızla oynasın.

Azərbaycanda əttarlığa həvəs necədir? Sizin bu sənəti öyrətdiyiniz tələbələriniz varmı?

-Düşünürəm ki, mən indidən kimisə öyrətməyə başlasam, o qədər də səmimi olmaram. Hələ özüm öyrənmə mərhələsindəyəm. Bundan başqa bunun məktəbinin yaranmasına bizdə hələ ehtiyac yoxdur. Qonşu ölkələrdə də bu sahənin məktəbi yoxdur. Sadəcə təhsil üçün qısa müddətli seminarlar olur. Ola bilsin ki, qəfil olaraq maddi durumu çox yaxşı olan kimsə çıxacaq, görəcək ki, bu sahədə boşluqlar var. Deyəcək mən də əttaram və mən diplomlu əttaram.

Bu sahə ilə bağlı gələcək planlarınız nələrdir?

-Hazırda bu sahə ilə bağlı mənə çox böyük iki təklif gəlib. Təkliflər reallaşdıqdan sonra onlar haqqında düşünəcəm. Ola bilsin ki, digər işimdən tamamilə uzaqlaşıb, sırf əttarlığa yönəldim. Yönəlməsəm belə özümün xəyalını qurduğum bir ətir var, onu hazırlamaq istəyirəm. Bu mənim uşaqlığımın qoxusudur. Araşdırmışam ki, hələ o ətir yoxdur. Çünki bu,  yaşadığım qəsəbəyə aiddir. Bundan əlavə bu sahədə təhsil almağı planlayıram. Düşünürəm ki, bu sahədə öhdəmə düşəni bacardığım qədər etmişəm, bu sahənin təməlini atmışam. Artıq insanlar buna alver, ticarətdən əlavə sənət kimi yanaşmağa başlayıblar.

“Ucuz ətir də sizi gözəl ifadə edə bilər”

Son olaraq oxucularımıza nə demək istərdiniz?

-İlk olaraq bu sahəyə başlamaq istəyənlərə deyərdim ki, oxuduqlarını birbaşa tətbiq etməsinlər. Məsələyə məntiqli yanaşsınlar. Hər yerin özünəməxsus mədəniyyəti, tələbatı vardır. Alıcılara isə məsləhətim budur ki, görünüşə, reklama, kiminsə sözünə o qədər də önəm verməsinlər. Onlara nə lazım olduğunu axtarsınlar. Ucuz ətir də sizi gözəl ifadə edə bilər. Çalışın özünüzəməxsus qoxunuz olsun.

GSR.fm