Paylaş

“Həkim məsləhəti” rubrikasında bu dəfə mütəxəssislərimiz sizin dəri problemləri ilə bağlı suallarınızı cavablandırdılar.
Sizin də səhhətinizlə bağlı hər hansı sualınız, şikayətiniz varsa, bizə göndərin, həkimlərimiz cavablandırsın.

1. Oxucu sualı: Salam həkim, mən uşaqlıqda yıxılmışam. O vaxtdan bəri üzümdə o qədər də balaca olmayan çapıq yaranıb. İndi bilmək istəyirəm ki, bunun əməliyyatsız hansısa üsulla üzdən təmizlənməsi mümkündürmü ?(hansısa maska, təbbi vasitə, dərman varmı bunun üçün) Əgər əməliyyat olunsam, bu yara izi tam silinəcəkmi?

1. Həkim cavabı: Çapıq nə qədər təzədirsə onun aradan qaldırması üçün edilən prosedurlar daha da effektiv olur. Gözlənilən nəticə çapığın növ, ölçü, dərinlik və sahəsindən asılı olacaq. Bunun üçün bir neçə metod istifadə olunur: pilinq, dərinin regenerasiyasını gücləndirən məhlullar, mezoterapiya, dermobraziya və s. kimi üsullar istifadə oluna bilər. Bundan əlavə çapıqların lazer üsülu ilə də aradan qaldırılması mümkündür. Lazer sahəsində dərinin limfodrenaj və regenerasiyasını aktivləşdirir, dəri yenilənir və s. Daha ətraflı məlumat üçün həkim-dermatokosmetoloqun vizual baxışı məsləhətlidir.

2. Oxucu sualı: Mənim üzümdə 2-3 aydan bir qara nöqtələr çoxalmağa başlayır. Skrab, nəmləndirici və.s istifadə etsəm də, yenə də bu ləkələr azalmır. Öyrənmək istəyirəm bu ləkələrin yaranması nə ilə bağlıdır və buna qarşısını almaq üçün hansısa üsullar (müalicəvi məhlullar) varmı?

2. Həkim cavabı: Qara nöqtələrə tibbi dildə açıq komedon deyilir. Bunların yaranması üzdəki dəri məsamələrinin böyük olması və dərinin yağlı olmasıdı. Dərinin piy vəzilərinin tıxanması ilə bağlıdır. Əsasən alın, burun və çənə dərisində üstünlük edirlər.
Komedonların əmələ gəlməsi dəriyə düzgün qulluq etməmək, düzgün qidalanmama və həzm sistemində yaranan problemlər, hormonal problemlər və s. kimi amillərlə bağlı ola bilər. Səbəbini araşdırmaq üçün həkim baxışı məsləhətlidir.
Müalicəyə gəldikdə isə dəriyə düzgün qulluq, dərinin təmizlənməsi, təbii skrabların düzgün istifadə olunması, kosmetik plastır, vitamin, sağlam qidalanma məsləhət görülür. Bu vasitələri seçsəz o nöqtələrin azalmasına nail ola bilərsiniz.

3. Oxucu sualı: Həkim, mən dəridə yaranan gənə xəstəliyi haqqında eşitmişdim. Tanışlarımdan bir qızın üzündə xırda-xırda yaralar, səpkilər vardı. BUnun gənə olduğunu əvvəl bilmirdi. Sonradan öyrəndi. Bizim də onunla yaxın münasibətimiz vardı. Eşitmişəm ki, bu keçici xəstəlikdir, mənim də üzümdə 1-2 həftədir ki, balaca qızartılar yaranıb. BU həmin gənələrdən ola bilərmi? Xəstəliyin mənə keçmə ehtimalı nəqədərdi?

3. Həkim cavabı: Gənə xəstəliyi dediyiniz, yəni “demodekoz” keçici bir xəstəlikdi, bəli. Lakin gənə insanların hamısında var, şərti-patogen hesab olunur. Yəni onlar bizim dərimizdə məskunlaşırlar, tük follikullar, piy vəzilərində üstünük edirlər.
Sadəcə bəzi insanlarda immun sistem zəifləyəndə, əsasən yağlı dəri tipli, onların miqdarı artır, bu isə dəridəki bakteriyaların çoxalmasına səbəb olur.
Yağlı mühit onların yaşaması və çoxalması üçün yararlıdır. Sizdə Demodex folliculorum-un olub olmamasını analiz verməklə təyin etmək olar. Analiz üçün əsasən ya kiprikdən, ya qaşdan bir neçə tük götürülür.
Müalicəsi üçün akarisidlərdən istifadə olunur.

4. Oxucu sualı: Mənim dərim xüsusən də yaz-yay aylarında çox quru olur. Nə etsəm də, üzümdəki qabıqlanmanın qarşını ala bilmirəm. Sizdən bunun hansısa tibbi çarəsini öyrənmək istərdim.

4. Həkim cavabı: Quru dəri, göz rəngi kimi insanların xüsusiyyətidir. Yəni, biz istəsəkdə quru dərini yağlı edə bilmərik. Əsasən irsi keçicıdir. Bəzən isə ətraf mühit, hormonal dəyişiklik, maddələr mübadiləsinin pozulması, stress, hipovitaminoz, bəzi preparatların qəbulu, düzgün qidalanmama, pis vərdişlərlədə bağlı ola bilər. İlk öncə səbəbini araşdırmaq lazımdır.
Təyin olunmayan səbəbdən yaranan quru dəriyə yalnız düzgün qulluq edə bilərik və düzgün nəmləndirici seçə bilərik (təbii məslullardan düzəldilən maska və məhlullar, hidradantlar, krem AE, Lokobeyz ripea, Sekalia Balm və s.) Həmçinin dərini xarici zədələndirən amillərdən qorumaq, yetərli miqdarda maye qəbul etmək lazımdır. Həkim-dermatokosmetoloq bəzi vitaminlərdə təyin edə bilər.

5. Oxucu sualı: Həyat yoldaşım evlilikdən əvvəl bir dəfə qızıl yel xəstəliyi keçirib. İndi də xəstəliyin ilkin əlamətləri təzədən yaranıb. Özü də hərbiçidi uzun müddət evdə olmur. Ona görə narahat oluram. Bu xəstəliyin təzədən yaranmaması üçün nə etmək lazımdır?

5. Həkim cavabı: Qızıl yel xəstəliyinin bakteriya tərəfindən törədildiyini (əsasən streptokokk) və xroniki xəstəlik olduğunu unutmayın. Xroniki, yəni yenidən təkrarlanma faizinin yüksək olması deməkdir. Bəzən bir ayağınada sağalıb, o biri ayağına keçə bilər. Əgər əlamətlər başlayıbsa, antibiotik qəbuluna başlamaq lazımdır ki, xəstəliyin qedişatı daha yüngül olsun. Əlavə vitamin, immuniteti gücləndirən və iltihaba qarşı preperatlar məsləhətlidir.
Profilaktika məqsədi ilə dərini zədələnmədən qorumaq, şəxsi gigiyenaya riayət etmək, dəri zədələndiyi zaman yod və yaxud digər antiseptik vasitəsi ilə dezinfektə etmək lazımdır.
Lakin unutmaq lazım deyil ki qızıl yel xəstəliyinin sıx residivləri müşayiət edən digər xəstəliyin səbəbidə ola bilər. Bunun üçün əsas xəstəliyi araşdırmaq mütləqdir.

Qeyd: Əgər Siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.