Paylaş

Saatlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən əşyalardan biridir. Qədim dövrlərdən saatlar zamanı bilmək üçün insanların həyatında mühüm rol oynayır.

Uzun tarixə malik olan saatsazlıq haqqında ömrünün 37 ilini bu sənətlə məşğul olan Fərhad usta məlumat verir.

Fərhad usta qazancının ailə dolandırmağa yetdiyini və bu günə qədər heç bir toydan qalmadığını deyir. O həmçinin bilidirir ki, bu sənəti ondan öyrənmək istəyənlərin, hamısına saatsazlıq öyrədib:

“1979-cu ildə təhsil almışam. O zamandan işləyirəm. Günün tələbinə cavab verən, gözəl sənətdir. Hərçənd ki, bu günlər məktəbi yoxdur, bağlıdır. Saatsazlar ailəsini rahat dolandırırlar. Səhər gəlib işləyir, axşam da evə gedir. Qardaşım, oğlum, qardaşımoğlu bu sənəti davam etdirirlər. Bu sənətdə sənətkar xanımlar da var idi. Amma bu gün  qadın saatsaz yoxdur”.

Fərhad usta həmçinin, müasir və keçmiş saatların fərqindən, onların təmir qiymətlərindən də danışır. O bildirir ki, əvvəllər daha çox rus saatlarını təmir edib.

“Mexaniki saatların təmiri 3 manatdan 15 manatadək olur. Batareyayla işləyən saatlar isə ayrı-ayrı qiymətlərədir. Batareyanın firmasından asılıdır. Onlar da 50 qəpikdən 5 manatadək olur. Müasir saatların materialları yumuşaqdır. Köhnə rus saatları ilə işləmişik. Yaponiya saatları da yaxşıdır. Müasir, bahalı olan, yaxşı saatlar var. Amma ucuz olan saatlar çox keyfiyyətli deyil”.


Hazırladı: Mehri Əliyeva