Paylaş

“O deyir ki” rubrikasında  bu dəfəki müsahibimiz gənc müğənni Azad Şabanovdur. Onunla MADO restoranında görüşürük.

Səhnəyə atdığı ilk addımlarından danışan müsahibimiz məktəb illərində həkim olmaq istəsə də, sonradan “Yeni ulduz” yarışmasına qatılmaq qərarına gəlir. Yarışmadan sonra bir müddət ekranlardan itən müğənni bundan sonra əsas gücünü işləməyə yönəldəcəyini, auditoriyanın tezliklə onu yeni layihələrdə görəcəyini bildirir.

“Yeni ulduz”dan sonra bir müddət itdim, amma sonra “Eurovision”nın seçmə turları oldu. Ondan sonra da qarşıma məqsəd qoydum ki, ancaq işləmək, işləmək və işləmək lazımdır. Yəni, sona qədər bu sənətdə olacam. Elə bu qərarımın nəticəsi olaraq “Eurovision” seçmə turlarından sonra ilk klipim çıxdı.

Bildiyimiz kimi, bir zamanlar model və aparıcı kimi də fəaliyyət göstərmisiniz. Model, aparıcı yoxsa müğənni? Azad Şabanova daha yaxın hansıdır?

Bir müddətlik aparıcılıq etmişəm. Bundan sonra isə aparıcılıq etmək istəmirəm. Aparıcılıqla müğənnilik  uyğun gəlmir. Müğənni üçün aparıcılığı çatdırmaq çətindir. Sırf aparıcılıqla məşğul olmaq istəyirsənsə, işini- gücün atıb, bütün vaxtını verilişə sərf etməlisən. Süjetlər çəkməlisən, verilişin barədə ən müxtəlif ideyalar haqqında düşünməlisən və.s.

Modellik isə əsgərlikdən əvvəl idi.  Əsgərliyə getdim, qayıdanda məlum oldu ki, 11 kilo kökəlmişəm. Elə insan var ki, rejim onlara düşür, elə insan var ki, düşmür. Mənə düşdü və mən kökəldim. Ona görə modelliyi dayandırdım.

Mənə ən yaxın təbii ki, əsas sənətim-müğənnilikdir. Aparıcılıq və modellik sadəcə bir hobbi idi. Həvəsimi öldürdüm bəsimdir.

azad1

Geyim mağazalarından birində modellik etmisiniz. Özünüz də dəblə geyinən kişi ifaçılar sırasındasınız. Zövqlə geyinmək üçün nələrə fikir verirsiniz?

Zövq insanın yanaşma tərzindən və mühitdən asılıdır. Harada böyümüsənsə, kimləri görmüsənsə, zövqün də ona uyğun olacaq. Amma təbii ki, nə qədər dünyagörüşün artsa,  zövqün də düzələcək. Dünyagörüşün yoxdursa zövqün də zəif olacaq.  Heç nə ilə maraqlanmayan insanın rəngdən də başı çıxmayacaq, geyimdən də, modadan da. Bizim şou-biznes nümayəndələri sırasında xanımlardan Nura Suri, Röya, kişilərdən isə Zamiq çox qəşəng zövqlə geyinir. Ümumiyyətlə, zövqlü geyinən müğənnilərimiz çoxdur.

Bəs Azərbaycan xanımları necə? Sizcə, kifayət qədər zövqlə geyinə bilirlərmi?

Azərbaycan xanımları zövqlüdür, ancaq mən istəyirəm ki, xanımlar şalvardan çox dona üstünlük versinlər: xanım-xatın geyinsinlər.  Mən xanımı sırf ziyafət geyimində görmək istəyirəm.

Sevdiyiniz xanımın hansı tərzdə geyimlərə üstünlük verməyini istərdiniz?

Bir-birimizlə məsləhətləşə bilərik. Şalvar da geyinə bilər əslində, amma əynində qəşəng, şirin görünsün.  Xanım-xatın görünməlidir. Xanımların çox kobud geyinmələri sevmirəm. Nə qədər kobud olsan, o qədər gözəlliyini itirəcəksən. Mənim üçün incəlik gözəllikdir.

azad6

“Sosial şəbəkədə tanışlığa üstünlük vermirəm”

Bir çox məşhurlar sosial şəbəkələrdən geniş şəkildə istifadə edir. Siz  də sosial şəbəkələrin aktiv istifadəçilərindənsiniz. Bəs sosial şəbəkə vasitəsilə tanış olub ailə qurardınızmı?

Sosial şəbəkədə tanışlığa elə də üstünlük vermirəm. Ondansa real həyatda tanış olmağı üstün tuturam. Qismətdən artıq yemək olmur, amma deyə bilərəm ki, heç vaxt belə bir şey etmərəm. Bəlkə belə desəm, sabah yalançı çıxaram. Amma mən şəxsən mən canlı ünsiyyəti daha üstün tuturam, nəinki virtual ünsiyyət.

“Mənim üçün sevgi üçüncü plandadır”

Müsahibələrinizin birində sözləri sizə aid olan “Dostum” adlı musiqinizi bir zamanlar dost olub sonradan sevdiyiniz xanıma həsr etdiyinizi demisiniz.  Sizcə, nəyə görə qadın və kişi dostluqlarının çoxu sevgi ilə bitir?

Yəqin ki, əvvəldən sənin ona qarşı fikrin başqa olur ki, axırda gəlib sevgiyə çevrilir. Hamıda həmişə belə olmur. Məndə bir dəfə belə hadisə olmuşdu. Hamının həyatında qarşılıqsız sevgi olur. Məndə də olub, keçib. İndi mənim üçün sevgidən əvvəl  hörmət, inamdır. Sevgi isə üçüncü plandadır.

azad7

Bəs yeni çıxmasına baxmayaraq sevilən “Sevgilimə” adlı mahnınızın belə bir tarixçəsi varmı?

O mahnının tarixçəsi  təbii ki, var. Hər bir mahnını oxuyanda kimisə düşünməlisən. Hansısa hissləri keçirməlisən. Təbii ki, ünvanlı bir mahnıdır. Amma kimə ünvanlıdır, tarixçəsi nədir, bu barədə heç nə demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, hər bir mahnı, şeir,  musiqi nə iləsə, kimləsə bağlıdır.

“Xanım dediyin yemək bişirməyi bacarmalıdır”

Deyirlər ki, kişinin ürəyinə yol mədəsindən keçir, bəs xanımların ürəyinə yol hardan keçir?

Təbii ki, xanımlar diqqət sevir. İstər sevgi etirafında, istərsə də xanımlara qarşı digər hər bir jestdə kişi birinci olmalıdır. İlk jesti kişi etməlidir. Xanımların nə istədiyini bilmək bir az çətin məsələdir. Belə bir söz var “Qadınlar qulaqları ilə sevirlər”. Məncə, qadınların ürəyinə gedən yol xoş sözlərdən keçir.

Kişilərə gəldikdə isə, bu məsəldə həqiqət var. Kişinin ürəyinə gedən yol mədəsindən keçir. Elə xanımlar var ki, etiraf edirlər, mən yemək bişirə bilmirəm, amma bişirmək istəyirəm, bu qəbul olunandır. Amma “mən bişirməyəcəm”, “bişirmək istəmirəm” deyənləri mən şəxsən qəbul etmirəm.  Xanım dediyin yemək bişirməyi bacarmalıdır.

azad8

“Ailədə kişinin dediyi olmalıdır” deyə bir fikir var. Bəs siz necə düşünürsünüz?

Evin ağası kişidir, rəisi isə xanım. Evin bütün işlərini əslində qadın görür, amma təbii ki, söz kişidə olmalıdır. Qadın dediyin müdrik olmalıdır. Əgər kişi deyirsə ki, filan şey belə olmalıdır xanım gərək razılaşsın, amma əgər haqlıdırsa, bir yolla öz bildiyin edə bilsin. Təki kişinin ürəyincə olsun.

Mən bu fikrilə 100% razıyam: Hər bir uğurlu kişinin arxasında ağıllı qadın dayanır. Hər bir kişinin uğuru onun xanımından asılıdır. Xanım dayaq da ola bilər, ayağından çəkə də bilər.  Mən də arzu edirəm ki, mənim xanımım da dayaq olsun mənə. Çünki mənim işim elədir ki, məni hər insan başa düşməz. Belə olanda boş yerə qısqanclıqlar yaranacaq.

azad2

Qısqancqlıqdan danışmışkən siz özünüz nə dərəcədə qısqancsınız?     

Vəziyyətə görə dəyişir. Görməsəm, qısqanmıram. Hara getdin, hardan gəldin, kiminləsən belə havaya qısqanclıqlar mənə görə deyil. Bir sözlə, boş yerə qısqanclıq eləmirəm. Nəsə ciddi bir səbəb olsa qısqanaram. Mənim fikrimcə, kişi  xanımına diqqət yetirsə,  sevgisini hiss etdirsə, xanım heç vaxt xəyanət etməz. Sevdiyim xanıma heç bir qadağa qoymaram. Çünki mənim də dostlarım var, gəzirəm. Hər şey qarşılıqlı olmalıdır. Mən ona inanıramsa, dostları da ola bilər, gəzə də bilər.

“Mənə evin xanımı lazımdır, müğənni yox”

Bəlkə də vaxt elə gətirər müğənni bir xanımla ailə quraram. Amma istəmərəm belə bir şey olsun. Çünki istəyirəm xanımım yanımda olsun. İstəmirəm hardasa oxusun, getsin ora-bura. Əgər o müğənnidirsə, sözsüz ki, tez-tez müxtəlif tədbirlərdə, əkilişlərdə olacaq. Mənə isə evimin xanımı lazımdır, müğənni yox.

Sizcə, Azərbaycan qadınını digər xalqların qadınlarından nə fərqləndirir?

Fərq çox gözə görünür. Mən Azərbaycan xanımını görən kimi tanıyıram. Bizim xanımlar çox zərif,  nazlıdırlar. Qışqırmaq, cəmiyyət içində bərkdən gülmək bunları Azərbaycan xanımlarına yaraşdırmıram.

azad9