Paylaş

Əziz oxucular, bu məqalədə keçən həftə burun, boğaz, qulaq xəstəlikləri ilə bağlı bizə ünvanladığınız suallara cavab tapa bilərsiniz. Suallarınız “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssisləri tərəfindən cavablandırılır.

Sizin də səhhətinizlə bağlı hansısa probleminiz varsa, həkimə getmək üçün zamanınız yoxdursa, onları bizə ünvanlaya bilərsiniz. Suallarınızın peşəkarlar tərəfindən cavablandırılacağına əmin olun.

1. Oxucu sualı: Salam, həkim. Qızımın 7 yaşı var, onun boğazında ət var. Bir neçə dəfə olub ki, ağladığı yaxud əsəbiləşdiyi vaxt ürəyi gedib. Bunun boğazındakı ətlə əlaqəsi ola bilərmi? Buna görə tez zamanda əməliyyat etdirməyə ehtiyac varmı?

1. Həkim cavabı: Uşaqlarda immunitet zəiflədiyi zaman boğazdakı badamcıqlar infeksiyaya qarşı həssas olur. Bu isə tonzillitə gətirir. Xroniki tonzillitin ağırlaşmalarından biri revmatizmdir ki, o da ürəyə, böyrəyə və ya oynağlara öz təsirini göstərir.
Həmçinin böyümüş badamcıqlar yuxarı tənəffüs yollarına mane ola bilər, uşaq nəfəs aldığı zaman çətinlik çəkə bilər, bu isə hipoksiyaya gətirir, yəni bayılmaya səbəbdir.
Lakin səbəbini dəqiqləşdirmək üçün LOR-həkimin baxışındankeçmək lazımdır. Müayinədən sonra konservativ müalicənin faydasını, əməliyyata ehtiyac olub olmadığını demək mümkündür. Bəzi analizlərə ehtiyac ola bilər (ASO, CRP, RF, QÜA, əkilmə və s.).

2. Oxucu sualı: Məndə 40 yaşdan sonra nəfəsalmada problemlər yaranıb. Tez-tez boğazımda bəlğəm yaranır, belə olanda ümumiyyətlə nəfəs ala bilmirəm. Bir neçə dəfə həkim resepti olmadan bəlğəm yumuşaldıcı dərmanlardan istifadə etmişəm. Öyrənmək istəyirəm, bunun hansısa fəsadları ola bilərmi? Ümumiyyətlə, bu problemin səbəbi, müalicəsi nədir?

2. Həkim cavabı: Tənəffüsün çətinləşməsi və bəlğəmin əmələ gəlməsi yuxarı tənəffüs yolları (burun, boğaz, qırtlaq), bronxlar və ağciyərlərdə patologiya ilə əlaqədər ola bilər. Buna həm infeksion proses, həm də allergik proses səbəb ola bilər.
Mukolitik dərmanların bir ziyanı yoxdur, lakin həkim nəzarəti məsləhətlidir.
Bəlğəmin yaranmasına səbəb olan prosesi aşkarlamaq üçün bəzi müayinələrə ehtiyac ola bilər (döş qəfəsinin rentqeni, bəlğəmin əkilməsi, İgE və s.) və ən əsası həkim baxışı.

3. Oxucu sualı: Salam, həkim mən son vaxtlar boğazımla nəfəs ala bilmirəm. Xüsusən də yatanda ağzımla nəfəs alıram, hiss edirəm ki, bu da gün ərzində baş ağrılarının yaranmasına səbəb olur. Problemin səbəbi nə ola bilər?

3. Həkim cavabı: Buna səbəb ola bilən bir neçə amil var: burun çəpər əyriliyi, polip, vasomotor və allergik rinit, balıq qulaqlarının hipertrofiyası, haymorit, sinusit, adenoid, burun və burun udlağın yeni törəmələri.
Özünüz də gördüyünüz kimi səbəbi müxtəlif ola bilər. LOR-həkiminin müayinəsi mütləqdir.

4. Oxucu sualı: Həkim, mən bu yaxınlarda bilmişəm ki, yatanda xoruldayıram. Buna görə çox utanıram, amma nə boğazımda, nə də burnumda ət yoxdur. Bunun səbəbi başqa nə ola bilər? Tez zamanda müalicəsi nədir?

4. Həkim cavabı: Xoruldamaya yumşaq damaq və dilçək əzələlərinin tonusunun aşağı düşməsi səbəb ola bilər. Çəki artıqlığıda buna gətirən amillərdən biridir. Səbəbindən asılı olaraq bunu konservativ yolla və yaxud lazer cərrahiyəsi yolu ilə aradan qaldırmaq mümkündür.

5. Oxucu sualı: Oğlumun dörd yaşı var. Bəzən oturduğu yerdə burnundan qan açılır. Bu axır 2-3 ayda bir neçə dəfə təkrar olunub. Bunun nsəbəbi nədir? Qorxmağa, təcili surətdə həkimə getməyə ehtiyac varmı?

5. Həkim cavabı: Bunun üçün burun boşluğunda qanaxmaya səbəb olan yer müəyyən olunmalıdır. Qanın reoloji xüsusiyyətlərinin dəyişməsi, burunun daxilində damarların kövrəkliyi, burun polipi, atrofikrinit, qan xəstəlikləri və s. burun qanaxmasına səbəb ola bilər. Daimi qanaxmalar uşaqda xroniki anemiyaya gətirə bilər. Mütləq şəkildə LOR-həkimin baxışına ehtiyac var.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.