Paylaş

40 yaşdan sonra qadınlar bədəndə hormonal tarazlığın dəyişməsi səbəbindən bir çox ciddi sağlamlıq problemləri ilə qarşılaşırlar. Heç bir şikayət etməsələr də, menopauza prosesindən sonra yarana bilən bir çox xəstəliklərin qarşısı nizamlı həkim müayinələri sayəsində başlanğıc mərhələsində alına bilər. Kishi.az aile.lent.az-a istinadən 40 yaşını ötən qadınlara bəzi məsləhətlər təqdim edir.

Həyat keyfiyyətlərinizi artırmaq əlinizdədir

40 yaşını ötən qadınlarda xəstəliklərin yaranmasına təsir edən faktorlara yüksək təzyiq, siqaret və içki qəbulu, aşırı piylənmə, hərəkətsiz yaşam tərzi, şəkər xəstəliyi, stress və menopauza daxildir. Görəcəyiniz qabaqlayıcı tədbirlərin yaşam keyfiyyətinizi və ömrünüzü uzadacağını unutmayın.

Uzun müddət siqaret çəkmək və spirtli içki qəbul etməklə xəstəliyə “dəvətnamə” yollayırsınız.

Siqaretin insan sağlamlığına mənfi təsirlərinin olduğu hamıya məlumdur. Alkoqol qəbulu da həzm sistemini pozur, qaraciyər və beyin sisteminə mənfi təsir göstərir. Siqaret çəkmək başda ürək-damar xəstəlikləri olmaqla, ağciyər, qida borusu, uşaqlıq boynu, pankreas, döş, böyrək və qan xərçəngi riskini artırır. Spirtli içkilər isə qaraciyər və qida borusu xərçənginə yol açır.

Döş xərçəngi riskini 4 dəfə artırır

40 yaşını ötən qadınlarda döş xərçəngi riski gənc qadınlardan 4 dəfə çoxdur. Qadınlar mütəmadi olaraq döş müayinələri etdirsələr, xəstəlik irəliləmədən müəyyən tədbirlər görə bilərlər. Əllə edilən müayinələrdə döşlərin toxumaları və quruluşu mövzusunda hər hansı dəyişiklik o saat hiss ediləcək. Bununla da erkən diaqnoz qoyulması mümkündür. Döşlər ayda bir dəfə mütləq əllə müayinə edilməlidir. Bununla yanaşı, ildə bir dəfə həkim və ultrasəs müayinələri, mamoqrafiya tədqiqləri də aparılmalıdır.

Düzgün qidalanaraq sağlam yaşayın

Düzgün qidalanma ilə birlikdə kifayət qədər su içmək bədən sağlamlığının qorunması və toksinlərin atılması üçün çox önəmlidir. Duz, şəkər, yağ və karbohidratların qəbulunu azaltmaq lazımdır. Bədən ağırlığının normadan az və ya çox olması da müxtəlif sağlamlıq problemlərinin yaranmasına zəmindir. Buna görə də qidalanmanıza fikir verməklə yanaşı yüngül idman məşqləri də etməyiniz məsləhətdir. Bədəni yormayacaq qədər yüngül qaçışlar edin, piyada yeriyin və üzgüçülüklə məşğul olun. Fitness və yoqa da dinamik və sağlam bir yaşam üçün önəmlidir. Kökəlmək və artıq çəkinin ürək-damar xəstəlikləri, şəkər, bəzi xərçəng növləri və iflic riskini artırdığını unutmayın.

Qadınlar üçün həyati əhəmiyyət kəsb edən testlər

40 yaşından sonra qadınlar bəlli şikayətlərə başlamazdan əvvəl bir sıra xəstəliklərin öncədən bəlli olmasına kömək edən bəzi tədqiqatlar aparmalıdırlar. Məsələn, uşaqlıq borusu xərçəngini əvvəlcədən bilmək üçün ildə bir dəfə xüsusi yoxlama, bağırsaq xərçənginin diaqnozunda nəcis və qan testləri, kolonoskopiya həyati əhəmiyyət daşıyır.

Sümüklərinizi kalsiumla qoruyun

Osteoporoz, yəni sümük əriməsi asan qırıqlara səbəb olur. Müntəzəm idman, qaçış və kalsium qəbulunu artırmaq osteoporozdan qorunmaq üçün ən yaxşı nümunələrdir. Bununla yanaşı, bol günəş enerjisi qəbul etmək lazımdır. Həddən artıq qəhvə, siqaret, spirtli içki qəbulu və bəzi dərmanların qəbulu sümük əriməsi riskini artırır.

Tapmaca taparaq yaddaşınızı gücləndirin

Güclü yaddaşa sahib olmaq üçün xolesterol, duzlu və şirin qidalardan uzaq durum. Bununla bərabər, idman etmək də önəmlidir. Davamlı yeni şeylər öyrənmək və tapmaca tapmaq yaddaşınızın gümrah qalmasını təmin edəcək. Eyni zamanda davamlı cinsi həyatınızı təmin etdirmək həm fiziki, həm də psixoloji baxımdan önəmlidir.