Paylaş

“Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, yaşı altmış beşdən yuxarı olan avtobus sürücülərinə sürücü kimi işləmək qadağan olunur.

Kishi.az xəbər verir ki, bu mövzu haqqında nəqliyyat eksperti Ərşad Hüseynov GSR.fm-ə danışdı:

“Ümumiyyətlə, avtomobili idarə etmək, sürücülük peşəsi yüksək diqqət və ciddi sağlamlıq tələb edən peşədir. Təbii ki, həmişə yaxşı vəziyyətdə olan sağlamlıq da yaşla əlaqədar olaraq dəyişə bilir. İnsan yaşlandıqca onun diqqəti də zəifləyir, sərt rejimdə işləməyə çətinlik çəkir. Artıq həmin yaş təqaüd yaşıdır. Qanunun məntiqi budur ki, yaşlandıqca sağlamlıqlarında yaranan problem və diqqətin zəifləməsi səbəbindən sürücü kimi avtobusu idarə etmək təhlükəli ola bilər”.

Ərşad Hüseynov edilən dəyişikliyin nəticələri haqqında da fikirlərini bildirdi:

“Belə çıxır ki, bundan sonra altmış beş yaşı tamam olan avtobus sürücüləri mütləq təqaüdə getməlidirlər. Sağlamlığı yaxşı vəziyyətdə olan sürücülər də artıq başqa iş axtarmalıdırlar. Altmış beş yaşı tamam olduğu üçün sürücü işləyə bilməyəcəklər”.