Paylaş

Bu gün yenə də sizə yeni “inzibati Xətalar Məcəlləsi”-də olan dəyişiklikdən bəhs edəcəm. Bu dəfə yenilik piyadalara yol verilməsi ilə bağlıdır.
Əvvəlki qanunvericiliyə əsasən sağa və sola dönən sürücülər 151.2 maddəsi ilə 60 manat cərimələnir və əlavə olaraq 3 cərimə balı qazanırdılar. İndi isə İXM-nin 330-cun maddəsinə əsasən həm nizamlanmayan piyada keçidlərində,
həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir. Burada əsas məqam və dəqiqləşdirilmiş məqam “Piyadaya yol verilməsi” anlayışıdır.

“YHQ”-nun 1-ci fəslində “yol ver” anlayışı yalnız nəqliyyat vasitələrinə şamil edilirdi. Və piyadaya yol verilməsi bu cür xarakterizə edilirdi :

IV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları,
yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir.

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması
I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar.
Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.

Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər
nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

Problem elə bundan başlayırdı. 2 zolaqdan artıq olan yollarda yolun sol zolağında olan piyadanı , sağ kənar zolaqda olan sürücü mütləq gözləməli idi. Biz dəfələrlə efirdə bu barədə müzakirələr aparmışdıq. Və qanunda piyadaya yol vermə anlayışı heç bir yerdə dəqiq göstərilməmişdi.

Məsələn Rusiyada “iki zolaq” prinsipi tədbiq olunur. Yəni sürücü ilə piyada arasında ən az iki zolaq varsa hərəkət etməyə icazə verilir .

Bizdə isə qanuna görə piyadaya yol verilməsinin anlayışı ayrı cür dəqiqləşdi.

Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı
manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

Bu nə deməkdir ? Yəni sürücü piyada keçidinə daxil olarsa və bu zaman piyada ona görə dayanmazsa və ya istiqamətini dəyişməzsə ona protokol yazıla bilməz. Misal üçün : siz piyada keçidinə daxil olursunuz , bu zaman piyada dayanır, sonra qəflətən siz onu vurmayasınız deyə kənara çəkilir. Bu artıq qayda pozuntusudur.

Gəlin buna əyani misallarla baxaq.

yolver

Bu şəkildə kimi piyada keçidə daxil olduqda dayanmaq lazımdır. Çünki piyada ilə sürücü arasında məsafə azdır və sizin hərəkətiniz nəticəsində qəza vəziyyəti yarana bilər.

yolver2

Bu ən çox mübahisə yaradan vəziyyətdir. Bəzən bu halda hərəkət edəndə inspektorlar deyir ki : “Bəlkə geri qayıtdı ? Gözləməli idin”. Amma bu artıq bir şans məsələsidir. Piyada keçidi “a yadımdan çıxdı” üçün gəzinti meydançası deyil. Həmçinin qanunda yalnız nizamlanan piyada keçidində piyada svetoforun rəngi dəyişdikdə hərəkətin başa çatdırılmasından bəhs edir. Burada isə bir nəqliyyat vasitəsinin qarşısında hərəkət artıq başa çatıb. sürücü təbii ehtiyatla hərəkəti davam etdirə bilər.

yolver3

Burada artıq 330-cu maddənin qeyd hissəsindəki məsələ diqqət önünə gəlir. Sağdakı iki avtomobil hərəkət etdiyi zaman bu piyadaya maneçilik törətmirlər. Burada iki zolaq prinsipi əsas götürülüb. Piyada ilə digər avtomobillər arasında ən azı iki zolaq olduğuna görə heç bir halda piyadanın hərəkətinə maneə törədilmir.

yolver4

Bu şəkildə isə yalnız kənardakı avtomobillər hərəkəti davam etdirə bilərlər. Çünki onların hərəkəti piyadanın sürətinə və istiqamətinə təsir göstərməyib.

yolver5

Bəzən sürücülər belə situasiyada digərləri gedir mən də gedim prinsipi ilə hərəkət edirlər. lakin burada öz hərəkət istiqamətinə diqqət etmək lazımdır. Piyada sənin hərəkət istiqamətində olmasın.

yolver6

Və son olaraq. DYP ilə əlavə problem yaşamamaq üçün mütləq diqqətli olmaq lazımdır. Piyadaları daim diqqətda saxlayın. Çünki bəzən piyadalar sizə qədər çox asta sürətlə hərəkət edir, siz bir az qaz verdikdə dərhal sürətləriniz artırıb qarşınızdan keçmək istəyirlər. Hadisə baş verərsə siz günahkar çıxa bilərsiniz.

Qanun öz yerində amma siz ehtiyatı əldən verməyin.

Avtostop.tv