Paylaş

“Azərbaycan reallıqlarından baxsaq görərik ki, müəyyən mövcud mentalitet çərçivəsində zorakılığa məruz qalan qadınlara dəstək verilmir”

Qadınlara qarşı olan zorakılıq halları barədə sosioloq Cavid İmamoğlu öz fikirlərini bölüşüb.

O, bildirib ki,  Azərbaycanda zorakılığa məruz qalanların dövlət insitutları səviyyəsində müdafiəsi üçün lazım olan təsisatlar yoxdur:

“Qonşu Türkiyə ilə müqayisə etsək, orada hər hansı qadına qarşı zorakılıq olursa, bütün dövlət strukturlarından tutmuş, cəmiyyətin bütün fərdləri zorakılığı pisləyir və qadını müdafiə edir. Azərbaycanda isə bir az fərqlidir. Cəmiyyət tərəfindən də dəstək zəif olur. Təbii ki, bunu birmənalı olaraq hamıya aid etmək olmaz. Qadınlara qarşı edilən zorakılığı qınayırlar. Xüsusilə də, bu cinsi zəmində zorakılıq olan zaman qınanır. Amma burada söhbət zorakılığın formasından gedir ki, bu hal harada baş verib. Azərbaycan reallığında zorakılıq daha çox ailə zəminində baş verir. Məişət səviyyəsi Azərbaycan adət-ənənələrində toxunulmazdır. Münasibət belə olur: “Ailə daxili məsələdir, özləri bilər”. Təbii ki, bu qanuna uyğun yanaşma deyil. Nə olur, olsun zorakılığa məruz qalanlar dərhal reabilitasiyaya cəlb edilməli, həkim, psixoloq nəzarətində olmalıdırlar.

Təəssüflər olsun ki, cəmiyyətin buna münasibəti mənfi olduğuna görə vaxtında dövlət müəssələrinə müraciət etmirlər. Nəticədə özü-özünə cəza vermək qərarına gəlirlər. Ailəsini pis vəziyyətdə qoymamaq üçün intihar etmək qərarını verir. Təbii ki, bu, çarəsizlik əlamətidir. İnsanlar belə hallarda daha da güclü olmalıdırlar. Mən universitetdə yeniyetmələrlə, tələbə qızlarla söhbət edərkən hər zaman deyirəm ki, zorakılıq simptomları hiss etdiyiniz an ailənizə, ən yaxınlarınıza, polisə məlumat verin. Təəssüf ki, ailələr qızları belə tərbiyə etmirlər. Belə hallar baş verən zaman qızlar özlərinə qapanmağı üstün tuturlar. Bunun da nəticəsi ağır olur və insan vicdan əzabından həyatına son qoyur”.

GSR.fm